MƏDƏNİYYƏT
Nərgiztəpə yaşayış məskənindən aşkar edilən arxeoloji materiallar qədim tariximizin bir parçasıdır
Xocavənd, 7 avqust (AZƏRTAC). Xocavənd rayonu ərazisində olan Nərgiztəpə qədim yaşayış məskənində arxeoloji tədqiqatlar davam edir.
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Mil-Qarabağ ekspedisiyasının rəhbəri Təvəkkül Əliyev AZƏRTAC-a bildirib ki, aparılan tədqiqatlar zamanı Nərgiztəpə yaşayış məskənində və onun ətrafında bir sıra abidələr müəyyənləşdirilib. Xocavənd rayonunun işğal altında olan Muğanlı kəndi və Kuropatkin qəsəbəsi yaxınlığında antik dövrə aid (eradan əvvəl II əsrdən bizim eranın əvvəllərinədək) küp qəbirlərdən ibarət nekropol aşkarlanıb. Nekropolda gənc qadına məxsus bir qəbir açılıb. Ölü sol yanı üstə, bükülü vəziyyətdə dəfn olunub. Qəbirdə, həmçinin nəfis hazırlanmış 3 ədəd saxsı qab, tunc qolbağılar, sırğa və üzüklər, 90-a yaxın müxtəlif materiallardan muncuqlar da aşkar edilib.
Bu materiallar antik dövrdə və orta əsrlərdə həm Qarabağın dağlıq hissəsində, həm də Mil düzündə yaşayan qədim Azərbaycan əhalisinin mədəni təsərrüfat həyatının öyrənilməsinə imkan verir, onların dünyagörüşü ilə bağlı müəyyən təsəvvürlər yaradır.
Qazıntı işləri ilə yanaşı, ərazidə Azərbaycan-Almaniya beynəlxalq ekspedisiyasının əməkdaşları tərəfindən kəşfiyyat-axtarış işləri də aparılır. Xarici mütəxəssislər müasir texniki vasitələrin köməyi ilə Nərgiztəpə və onun ətrafındakı abidələrin topoqrafik planlarını hazırlayıblar. Tədqiqatçılar avqust-sentyabr aylarında Nərgiztəpə və onun ətrafında, həmçinin əsas tədqiqat obyekti olan Ağcabədi rayonu ərazisindəki Kamiltəpədə və Qalatəpədə tədqiqat-qazıntı işlərini davam etdirəcəklər.
Dağlıq Qarabağın Azərbaycanın nəzarəti altında olan Nərgiztəpə ərazisində aparılan arxeoloji tədqiqatlar həm qədim tariximizin öyrənilməsi, həm də siyasi-ideoloji baxımdan böyük əhəmiyyət kəsb edir.