Niderlandda İkinci Dünya müharibəsində həlak olanların xatirəsi yad edilib
Bakı, 11 may, AZƏRTAC
9 May - Qələbə Günü münasibətilə Niderlandın Lesden şəhərində yerləşən “Russisch Ereveld” məzarlığında İkinci Dünya müharibəsi zamanı həlak olmuş şəxslərin xatirəsi yad edilib.
Ölkəmizin Niderlanddakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, Rusiya səfirliyi tərəfindən keçirilmiş mərasimdə Azərbaycanın Niderlanddakı səfirliyinin nümayəndələri, həmçinin bu ölkədə akkreditasiya olmuş diplomatik korpusun nümayəndələri, veteranlar, diaspor təşkilatlarının əməkdaşları və jurnalistlər iştirak ediblər.
Həmin məzarlıqda Azərbaycan Respublikasının Sovet qoşunlarının tərkibində olan və İkinci Dünya müharibəsində həlak olan dörd əsgəri - Hüseyn Həsənov, Bəbiş Babayev, Həsən Məmmədov, Əlixan Çinaraşvili dəfn edilib.
Əvvəlcə həlak olanların xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib.
Sonra ölkələr və təşkilatlar tərəfindən sovet əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulub. Niderlandın Müdafiə Nazirliyinin qarnizonunun müşayiəti ilə Belarus səfiri M.Bariseviç, Rusiya səfiri A.Şulqin, Azərbaycanın Niderlanddakı müvəqqəti işlər vəkili C.Mirzəyev, Qazaxıstan səfirliyinin müşaviri R.Urazalin, İsrail səfiri A.Şir-on, Böyük Britaniya səfirliyinin nazir-müşaviri N.Heat, Almaniya müdafiə attaşesi yardımçısı S.Zimmer, Utrext vilayəti qubernatoru U.van Beek, Leusden meri G.Boumester, Niderland Xarici İşlər Nazirliyinin Avropa departamentinin direktoru D.Berqsma və digər bir sıra təşkilatların nümayəndələri tərəfindən əklillər qoyulub.
Tədbir iştirakçıları İkinci Dünya müharibəsində həlak olmuş Qərb İttifaqı əsgərlərinin şərəfinə ucaldılan “Fədakarlıq Xaçı” qarşısında qərənfillər düzüblər.
Sonda iştirakçılar məzarlığın holland əsgərləri və vətəndaşlarının dəfn olunduğu abidəsinin qarşısında güllər qoyublar.