İDMAN
Nigar Arpadarai: Ermənilər Formula 1 ilə bağlı bəyanat yaymaqla heç nəyə nail ola bilməyəcəklər
![Nigar Arpadarai: Ermənilər Formula 1 ilə bağlı bəyanat yaymaqla heç nəyə nail ola bilməyəcəklər](/files/2023/1/1200x630/16826853673357348126_1200x630.jpg)
Bakı, 28 aprel, AZƏRTAC
Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirliyinin Azərbaycanda keçirilən Formula 1 yarışı ilə bağlı yaydığı bəyanat tamamən absurd, gülünc bir bəyanatdır. Ermənistan cəmiyyəti, diasporu, rəsmiləri Formula 1 yarışının Azərbaycanda keçirilməsinə etiraz edirlər. Çünki Formula 1 qlobal, milyonların izlədiyi bir tədbirdir. Bizim Qran-Pri ildən-ilə daha çox maraq toplayır və ən sevilən Qran-prilərdən birinə çevrilib. Bu yarışları izləmək üçün Bakıya 100-dən çox ölkədən turist gəlir. Təbii ki, bu fakt Ermənistan tərəfini məyus edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai deyib.
“Azərbaycanın istənilən uğuru ermənilər üçün məyusedicidir. İlk növbədə onu demək lazımdır ki, Azərbaycanda Dağlıq Qarabağ adında bir məkan yoxdur. Ermənilərin bu səyləri Azərbaycanda Formula 1 keçirilməsinə mane olmağa yönəlib. Çünki bu yarışın ölkəmizdə keçirilməsi Azərbaycanın gücünün, stabilliyinin, inkişafının göstəricisidir. Bu tipli yarışlar Azərbaycanın nüfuzunu daha da artırır. Ermənistan diasporu və cəmiyyəti destruktivdir. Biz görürük ki, müəyyən kanallar vasitəsilə Ermənistan diaspor nümayəndələri Formula 1-ə müxtəlif məktublar yollayıblar. Amma onların bu səyləri heç bir nəticə verməyəcək, onlar heç bir şeyə nail ola bilməyəcəklər. Çünki Azərbaycanın Formula 1 Qran-Prisi təqvimində özünəməxsus yeri var. Azərbaycan Qran-Prisi dəfələrlə fanatlar və media arasında ən yaxşı Qran-Pri seçilib. Bu, həm Qran-Prinin uğurlu keçməsi, həm də bizdə olan yüksək səviyyəli təşkilatçılıqla bağlıdır.
Ermənilər bu bəyanatı yaymaqla heç nəyə nail ola bilməyəcəklər. Çünki Formula 1 20-dən çox ölkədə keçirilir və siyasətdən kənar bir yarışdır. Qran-Pri bu il də hər zamankı kimi yüksək səviyyədə keçəcək”, - deyə deputat qeyd edib.