CƏMİYYƏT
Nizami rayonunda Beynəlxalq Əlillər Günü qeyd edilib
Bakı, 5 dekabr, AZƏRTAC
Nizami rayonunda “Qayğı” Sağlam Nəsil Naminə İctimai Birliyi və Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, “Qayğı” Sağlam Nəsil Naminə İctimai Birliyinin təsisçisi, YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri Sevinc Abdullayeva və başqaları çıxış ediblər. Qeyd olunub ki, Beynəlxalq Əlillər Günü ulu öndər Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, 1994-cü ildən Azərbaycanda da hər il qeyd edilir. Ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi, əlillər də daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunurlar, onların bütün problemlərinin həlli üçün zəruri tədbirlər həyata keçirilir.
Vurğulanıb ki, əlillərin rifahının yaxşılaşdırılması, onların problemlərinin həlli Prezident İlham Əliyevin daim diqqət yetirdiyi məsələlərdəndir. Bu qəbildən olan insanların sosial problemlərinin həlli, mənzil şəraitlərinin daha da yaxşılaşdırılması və pensiya müavinətlərinin artırılması sahəsində atılan məqsədyönlü addımlar bunun bariz nümunəsidir. Ölkəmizin hər yerində olduğu kimi, Nizami rayonunda da əlillərin diqqət və qayğı ilə əhatə edildiyi qeyd edilib.
Tədbir iştirakçıları əlillərin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən də ətraflı söhbət açıblar. Onlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbirdə uşaqlar tərəfindən musiqili proqram nümayiş etdirilib. Sonda uşaqlara hədiyyələr paylanılıb.