DÜNYA
Nobuo Kişi: KXDR-in raket sınaqları bütün beynəlxalq ictimaiyyət üçün təhlükə mənbəyidir
![Nobuo Kişi: KXDR-in raket sınaqları bütün beynəlxalq ictimaiyyət üçün təhlükə mənbəyidir](/files/2022/1/1200x630/16436074855218739946_1200x630.jpeg)
Tokio, 31 yanvar, AZƏRTAC
Koreya Xalq Demokratik Respublikasının (KXDR) raket sınaqları və bu ölkənin raket texnologiyaları potensialı yalnız Yaponiya deyil, həmçinin bütün beynəlxalq ictimaiyyət üçün təhlükə mənbəyidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri yanvarın 31-də jurnalistlərə açıqlamasında Yaponiyanın müdafiə naziri Nobuo Kişi deyib.
“KXDR-in təxribat xarakterli raket buraxılışları qətiyyən yolverilməzdir. Belə buraxılışlar, həmçinin KXDR-in raket texnologiyalarının inkişafı yalnız bizim ölkə deyil, həmçinin bütün beynəlxalq ictimaiyyət üçün təhlükə mənbəyidir”, - deyə N.Kişi bildirib.
Nazir əlavə edib ki, Yaponiya Müdafiə Nazirliyi hazırda KXDR tərəfindən yanvarın 30-da buraxılan son raket barədə məlumatların təhlilini davam etdirir. Çox güman ki, bu, 5000 kilometr məsafəni qət etməyə qadir olan uzaq məsafəli “Xvason-2” raketidir. KXDR belə bir raketin sınağını 2017-ci ilin mayında həyata keçirib.
Müdafiə naziri, həmçinin bildirib ki, Yaponiya KXDR məsələsi ilə əlaqədar ABŞ ilə fəal və sıx şəkildə əməkdaşlığı davam etdirir. KXDR tərəfindən artan təhlükəni və təhdidləri nəzərə alaraq, Yaponiya özünün müdafiə qabiliyyətini gücləndirməkdə davam edəcək. Buraya müdafiə məqsədilə düşmənin bazalarına fasiləsiz zərbələrin endirilməsi üçün yeni vasitələrin əldə olunması da daxildir.
Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) yanvarın 31-də KXDR-in yanvarın 30-da “Xvason-12” ballistik raketini sınaq məqsədilə buraxması barədə məlumat yayıb. Sınaq zamanı həmin raketin dəqiqliyi, istifadə zamanı təhlükəsizliyi və səmərəliliyi təsdiq edilib.
Cənubi Koreya qərargah rəisləri komitəsi bazar günü yerli vaxtla saat 7:52 dəqiqədə KXDR-in Çaqando əyalətindən Yapon dənizi istiqamətində orta məsafəli ballistik raket buraxılması barədə məlumat yayıb. Ümumilikdə 2 min kilometr hündürlükdə uçan raketin 800 kilometr məsafəni qət etdiyi bildirilir.
Bu, cari ildə KXDR tərəfindən həyata keçirilən sayca yeddinci raket sınağıdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio