İDMAN
Növbəti mövsümdən kişi voleybolçular arasında Azərbaycan çempionatı keçiriləcəkdir
Bakı, 21 may (AZƏRTAC). Xəbər verdiyimiz kimi, mayın 24-26-da Xorvatiyada voleybol üzrə kişilərdən ibarət milli komandamız dünya çempionatının birinci seçmə mərhələsinin oyunlarında iştirak edəcəkdir.
AZƏRTAC xəbər verir ki, mayın 21-də Azərbaycan Voleybol Federasiyasının (AVF) birinci vitse-prezidenti Faiq Qarayev və federasiyanın baş katibi Elşən İsmayılov millinin üzvləri ilə görüşmüşlər.
F.Qarayev ölkəmizdə idmanın, o cümlədən voleybolun inkişafına göstərilən dövlət qayğısından danışmışdır. Ölkədə yaradılan yüksək idman infrastrukturuna görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq bildirən AVF-nin birinci vitse-prezidenti yeni mövsümdən kişilər arasında da ölkə çempionatının keçiriləcəyini vurğulamışdır.
Bildirmişdir ki, bu gün AVF-nin qarşısında böyük planlar durur. Bunlar 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq üçün çimərlik voleybolu üzrə yeni meydançaların, bazaların salınması, daha güclü qadın və kişilərdən ibarət milli komandaların formalaşdırılmasıdır.
Sonda F.Qarayev və E.İsmayılov voleybolçularımıza seçmə mərhələnin oyunlarında uğurlar arzulamışlar.