ODESSA AZƏRBAYCANLILARI HEYDƏR ƏLİYEVİN QƏLƏBƏSİNƏ ƏMİNDİRLƏR
Sənəddə deyilir: “Möhtərəm cənab Prezident! Şərq müdrikləri - böyük filosoflar həmişə millətin simasını dövlət rəhbərinin adı ilə bağlamışlar. Bu, heç də təsadüfi deyildir. Siz tarixi vətənimizin ağır günlərində ölkəyə rəhbərlik edərək, böhrandan çıxmaq üçün indiyədək misli görünməmiş siyasətinizi, cəsarətli islahatlarınızı inamla həyata keçirməyə, vətənpərvərləri Azərbaycan millətinin birliyi naminə sıx birləşdirməyə başladınız.
Azadlıqsevər Vətənimizin beynəlxalq aləmdə tanınması, erməni təcavüzkarları tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi niyyəti ilə müharibənin dayandırılmasına dair dialoqun məharətlə aparılması, daxili və xarici siyasətdə aşkarlıq və müdriklik, demokratik dəyişikliklərin dönməz xarakter alması, əhalinin həyatının yaxşılaşmasına kömək edən iqtisadi yüksəliş-- bütün bunlar Sizin adınızla qırılmaz surətdə bağlıdır!
Cənab Prezident! Ukrayna Azərbaycanlıları Konqresinin Odessa vilayət təşkilatı respublika prezidenti vəzifəsinə namizədliyinizin irəli sürülməsi xəbərini çox böyük ruh yüksəkliyi ilə qarşılamışdır və oktyabrın 15-də Sizin qələbə qazanacağınıza şübhə etmir, xalqımızın rifahının yüksəlməsi və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi işində Sizə yeni-yeni uğurlar arzulayır”.