CƏMİYYƏT
Oksford Universiteti ilə Respublika Seysmoloji Xidmət Mərkəzi birgə elmi tədqiqatlar aparacaqlar
![Oksford Universiteti ilə Respublika Seysmoloji Xidmət Mərkəzi birgə elmi tədqiqatlar aparacaqlar](/files/2024/1/1200x630/17053215512762140369_1200x630.jpg)
Bakı, 15 yanvar, AZƏRTAC
Böyük Britaniyanın Oksford Universitetinin professoru Riçhard Voalker Azərbaycanda səfərdədir.
Yanvarın 15-də qonaq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Yer Elmləri bölməsinin rəhbəri, akademik İbrahim Quliyev və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli ilə görüşüb.
Bu barədə AZƏRTAC-a mərkəzin Elektron xidmətlər şöbəsindən məlumat verilib.
Bildirilib ki, müzakirələr zamanı Böyük Britaniyanın Oksford Universiteti ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi arasında ikitərəfli əməkdaşlıq məsələləri, eləcə də birgə elmi tədqiqatların aparılması və layihələrin həyata keçirilməsi kimi məsələlərə toxunulub.
Görüşdə, həmçinin Böyük Britaniyanın Oksford Universiteti və RSXM əməkdaşlarının ötən il Salyan və Göyçay rayonlarında birgə apardıqları tədqiqatlar zamanı qazılmış xəndəklərdən götürülmüş nümunələr əsasında alınmış paleoseysmoloji nəticələr də müzakirə olunub.
Görüşdə maraq doğuran bir sıra məsələlərə də aydınlıq gətirilib.
Qeyd edək ki, ikitərəfli əlaqələrin daha da genişləndirilməsi məqsədilə bu ilin aprel ayında Azərbaycan nümayəndə heyətinin Oksford Universitetinə tanışlıq səfəri nəzərdə tutulur.