CƏMİYYƏT
Ombudsman Ramazan bayramı ərəfəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşüb
Bakı, 4 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış “Qayğı” Uşaq Reabilitasiya Mərkəzində təşkil olunmuş tədbirdə iştirak edib.
“Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin sədri Sevinc Abdullayeva ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara, rəhbərlik etdiyi təşkilata daim göstərilən diqqət və dəstəyə görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. O, rəhbərlik etdiyi təşkilatın məqsədlərinin xüsusi qayğıya ehtiyacı olan, o cümlədən bu Mərkəzdə serebral iflici olan uşaqların cəmiyyətə inteqrasiyasının təmin edilməsindən ibarət olduğunu vurğulayıb.
Elmira Süleymanova 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü və qarşıdan gələn Ramazan bayramı münasibətilə uşaqları, onların valideynlərini və Mərkəzin kollektivini təbrik edərək xoş arzularını bildirib.
Ombudsman bütün uşaqların, o cümlədən bu qəbildən olan şəxslərin hüquqlarının müdafiəsi və reabilitasiyası ilə bağlı məsələlərin dövlət tərəfindən xüsusi diqqətdə saxlanıldığını, onların inkişafı üçün zəruri tədbirlərin görüldüyünü, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara, o cümlədən Daun və autizm sindromları, serebral iflici olan uşaqlara qayğı göstərildiyini bildirib.
Müvəkkil serebral iflici olan uşaqların vəziyyətini diqqətdə saxlayan, onların reabilitasiyası sahəsindəki səmərəli işinə görə “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinə və onun rəhbəri S.Abdullayevaya təşəkkür edib.
Tədbirdə Mərkəzi bu il bitirərək ümumtəhsil məktəbinə getməyə hazırlaşan uşaqların hər birinə xüsusi diplom, fotoalbom, məktəbli çantası və digər hədiyyələr təqdim olunub.
Uşaqlar tədbirdə şeirlər söyləyiblər. Rəqs nümunələri ilə çıxış edəndən sonra nağıl qəhrəmanları tərəfindən onlar üçün musiqili əyləncə təşkil edilib.
Qeyd edək ki, insan hüquqları aylığı çərçivəsində və Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Ombudsman “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin strukturuna daxil olan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində uşaqlarla görüşüb.