OMBUDSMANLARIN VI BAKI BEYNƏLXALQ KONFRANSI İŞƏ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, iyunun 18-də “Gülüstan” sarayında YUNESKO-nun dəstəyi ilə ombudsmanların VI Bakı Beynəlxalq konfransı işə başlamışdır. “Qloballaşan dünyada insan hüquqları” mövzusunda beynəlxalq konfrans BMT-nin İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 60 illiyinə və Milli İnsan Hüquqları gününə həsr edilmişdir.
Konfrans iştirakçıları Fəxri xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin yaradıcısı, ümummilli lider Heydər Əliyevin xatirəsini anmış, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülmüşdür.
Nümayəndələr Şəhidlər xiyabanını da ziyarət etmiş, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğul və qızların məzarı üzərinə güllər düzmüşlər.
Ombudsman Elmira Süleymanova konfransı açaraq, tədbirin əhəmiyyətini vurğulamış, ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi və təmin edilməsi istiqamətində görülən işlər, müvəkkilin bu sahədə fəaliyyəti barədə məlumat vermişdir.
Prezidentin İcra Apatratının qanunvericilik və hüquq ekspertizası şöbəsinin müdiri Fuad Ələsgərov dövlətimizin başçısı İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxumuşdur (Məktub qəzetin bugünkü nömrəsində dərc edilir).
Konfransın əhəmiyyətindən danışan Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdir ki, bütün insanları narahat edən məsələlər insan hüququ probleminə daxildir. Konfrans ölkəmizdə, eləcə də burada iştirak edən digər ölkələrin nümayəndələrinə də bu sahənin işinin yaxşılaşdırılması ilə bağlı yeni təkliflərin işlənilib hazırlanmasına şərait yaradacaqdır.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Bruno Pueza və YUNESKO-nun təmsilçisi Sergey Lazerev 1948-ci ildə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əhəmiyyətindən danışmışlar. Qeyd etmişlər ki, artıq 60 ildir ki, bütün dünya həmin tarixi insan hüquqlarının müdafiəsi günü kimi qeyd edir. Bu hüquqlar insanın varlığının və ümumən inkişafın mühüm şərtlərindəndir. Bildirilmişdir ki, bu sahədə Azərbaycan Ombudsmanı ilə əməkdaşlıq öz bəhrəsini vermişdir.
Konfrans çərçivəsində “Qloballaşan dünyada insan hüquqlarının müdafiəsi və perspektivləri” və “Əhalinin risk qruplarının müdafiəsi” mövsularında sessiyalar keçirilmişdir.
Ombudsman E.Süleymanova BMT-nin yarandığı gündən insan hüquqları ilə bağlı çoxsaylı bəyannamə və konvensiyalar qəbul etdiyini, həmin nüfuzlu qurumun üzvü olan ölkəmizin 220-dən çox beynəlxalq konvensiyaya qoşulduğunu, müvəkkilin bu beynəlxalq təşkilatın müvafiq strukturları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyini diqqətə çatdırmışdır.
Ombudsman Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə respublikamızda İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) qəbul olunduğunu, bu sənədin icrası ilə bağlı işçi qrupunun yaradıldığını, Ombudsmanın təşəbbüsü ilə respublikamızın bütün rayonlarını əhatə etməklə 9 bölgədə yerli icra hakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, habelə dairə seçki komissiyalarının, QHT və KİV-lərin, icmaların nümayəndələrinin iştirak etdiyi ictimai dinləmələrin keçirildiyini bildirmişdir.
Sessiyada Milli Məclisin deputatı Qənirə Paşayeva Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar barədə məlumat vermişdir.
Parlament aparatının şöbə müdiri Lətif Hüseynov “İnsan hüquqları ümumi bəyannaməsinin insan hüquqlarının müdafiəsində rolu” mövzusunda məruzə etmişdir.
Konfransda əhalinin hüquqi və sosial müdafiəsi sahəsində qanunvericiliyin vəziyyəti və inkişaf perspektivləri, əlilliyi olan insanların sosial müdafiəsi, məhkumların insan hüquqlarının təmin olunması və penitensiar müəssisələrdə şərait barədə danışılmışdır.
50 ölkənin ombudsman təsisatının nümayəndələri və ombudsmanların iştirak etdiyi beynəlxalq konfransda qarşılıqlı əlaqələrin gələcək inkişafı, milli insan hüquqları təsisatlarının işinin daha da təkmilləşdirilməsi, bu sahədə fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə edilmışdir.
Konfrans iyunun19-da öz işini davam etdirəcəkdir.
######
