İQTİSADİYYAT
OPEC-in sazişinə Nigeriya da qoşula bilər
Bakı, 12 dekabr, AZƏRTAC
Nigeriya tam istehsal həddinə çatdıqdan sonra OPEC-in sazişinə qoşulub gündəlik neft hasilatını 50 min barrel azalda bilər. Bunu Nigeriyanın neft naziri Emmanuel İbe Kaçikvu bəyan edib.
AZƏRTAC “Bloomberg”ə istinadla xəbər verir ki, E.İ.Kaçikvunun sözlərinə görə, Nigeriya noyabr ayında hər gün 1,6 milyon barrel neft hasil edib.
Xatırladaq ki, OPEC-in üzvü olmayan ölkələr dekabrın 10-da Vyanada gündəlik neft hasilatının ümumən 558 min barrel, o cümlədən Azərbaycan tərəfindən 35 min barrel azaldılmasını razılaşdırıblar. Bu sazişə Azərbaycanla bərabər daha 10 ölkə - Rusiya, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Ekvatorial Qvineya, Sudan və Cənubi Sudan qoşulublar. Saziş yanvar ayında qüvvəyə minəcək. Gələn ilin birinci yarısı üçün nəzərdə tutulan sazişin müddəti uzadıla bilər. Liviya və Nigeriya istehsalı azaltmaq barədə heç bir öhdəlik qəbul etməyiblər.
OPEC ölkələri isə noyabrın 30-da keçirilən iclasda gündəlik neft hasilatını 1,2 milyon barel azaldaraq 32,5 milyon barrelə çatdırmaq barədə razılığa gəliblər.