QAN YADDAŞI
ORTA ASİYA RESPUBLİKALARI VƏ QAZAXISTANDAKI SƏFİRLİKLƏRİMİZDƏ 20 YANVAR FACİƏSİNİN İYİRMİNCİ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR MƏRASİMLƏR KEÇİRİLƏCƏKDİR
Daşkənd, 15 yanvar (AZƏRTAC). Azərbaycanın Orta Asiya respublikaları və Qazaxıstandakı səfirliklərində, həmçinin Aktaudakı baş konsulluğumuzda 20 Yanvar faciəsinin iyirminci ildönümü ilə əlaqədar mərasimlər keçiriləcəkdir. Tədbirlərdə həmin ölkələrin yüksək səviyyəli nümayəndələri, diasporumuzun üzvləri, jurnalistlər iştirak edəcəklər.
Mərasimlərdə iştirakçılara 20 Yanvar faciəsi haqqında ətraflı məlumat veriləcək, sovet qoşunlarının Bakıda törətdikləri vəhşiliklər pislənəcək, faciənin səbəb və nəticələri haqqında danışılacaq, bu haqda sənədli film nümayiş etdiriləcəkdir.
Ölkəmizin Qırğızıstandakı səfirliyi konsulluq şöbəsinin müdiri Vüqar İbrahimov bildirmişdir ki, yanvarın 18-də keçiriləcək mərasimə ölkə parlamentinin və hökumətinin üzvləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri də dəvət edilmişlər. Biz artıq Qırğızıstan parlamentinə, hökumətin üzvlərinə, səfirlik və beynəlxalq təşkilatların nümayəndələrinə faciə ilə bağlı məlumatlar toplusu göndərmişik.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd