QAN YADDAŞI
ORTA ASİYA VƏ QAZAXISTANDA 20 YANVAR FACİƏSİNİN İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR ANMA MƏRASİMLƏRİ KEÇİRİLƏCƏKDİR
Astana, 17 yanvar (AZƏRTAC). Yanvarın 18-dən 20-dək Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası Özbəkistanın Daşkənd, Səmərqənd, Buxara, Fərqanə və Nəvai vilayətlərində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anma mərasimləri keçirəcəkdir.
Qazaxıstanın Astana və Almatı şəhərlərində və ölkənin vilayətlərində, həmçinin Qırğızıstanda fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzləri də belə tədbirlər keçirəcəklər.
Astanadakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqının sədri Vidadi Salahov bildirmişdir ki, 20 Yanvar Azərbaycanın tarixinə mərdlik və mübarizlik rəmzi kimi yazılmışdır. Məhz 20 yanvar şəhidləri ölkəmizin suverenliyi və müstəqilliyi uğrunda canlarını fəda edən ilk şəhidlərdir və biz onların adına layiq tədbirlər keçirməliyik. Bu faciə ilə bağlı vilayətlərdəki mədəniyyət mərkəzlərinə təbliğat materialları göndərilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana