Ötən ay Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 7 minədək müraciət daxil olub
Bakı, 3 aprel, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin martında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, ötən ay ümumilikdə 6989 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.
Telefon Məlumat Mərkəzində 1975 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 2338 vətəndaş müraciəti daxil olub. 173 vətəndaş elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.
Vətəndaşların Qəbulu Mərkəzində 2091 sənəd (vətəndaşlar tərəfindən 1152 ərizə, Təhsil Nazirliyindən 123, digər qurumlardan 249, məktəblərdən 464 məktub, 29 strukturdaxili yazışma və 74 kadr ərizəsi) qeydiyyata alınıb. Həmçinin 412 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, birinci sinfə uşaqların qəbulu, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı, işə qəbul və digər məsələləri əhatə edib.
Ötən ay, həmçinin BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirakı ilə paytaxtın beş rayonu (Nizami, Nərimanov, Qaradağ, Yasamal və Səbail) üzrə səyyar qəbullar keçirilib. Səyyar qəbul vasitəsilə müəllim və valideynlərin müraciətləri dinlənilib, qaldırılan məsələlər araşdırılaraq operativ şəkildə həll olunub.