CƏMİYYƏT
Ötən beş ay ərzində qanunsuz dövriyyədən götürülmüş narkotik vasitələrin dəyəri 157 milyon manatdan çoxdur
![Ötən beş ay ərzində qanunsuz dövriyyədən götürülmüş narkotik vasitələrin dəyəri 157 milyon manatdan çoxdur](/files/2023/2/1200x630/1686920009340796942_1200x630.png)
Bakı, 16 iyun, AZƏRTAC
Cari ilin yanvar-may ayları ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 5016 cinayət faktı aşkarlanıb. Onlardan 1707-si narkotik vasitələrin qanunsuz satışı, 3185-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 96-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 28-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 3 ton 765 kiloqram 317,349 qram narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 369 kiloqram 279,554 qramını heroin, 1 ton 993 kiloqram 649,769 qramını marixuana, 139 kiloqram 597,411 qramını tiryək, 44 kiloqram 235,402 qramını həşiş, 215 kiloqram 818,084 qramını psixotrop maddələr, 2 kiloqram 737,13 qramını digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 27028 ədəd həb metadon, 5269 ədəd çətənə bitkisi, eləcə də 1 kiloqram 026,568 qram, 4421 ədəd kapsul və 953 ədəd həb güclü təsir edən maddə və 40,682 qram prekursor qanunsuz dövriyyədən götürülüb.
Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 3323 nəfər cəlb edilib. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 43 nəfəri xarici ölkə vətəndaşıdır.
Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 116 fakt aşkar edilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 700 kiloqram 260,093 qram və 27028 ədəd həb metadon narkotik vasitələr və 4421 ədəd kapsul, 953 ədəd həb güclü təsir edən maddə çıxarılıb.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 100-ü qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən 822 kiloqram 934,9 qram və 190 ədəd metadon narkotik vasitə, psixotrop maddə və 157,5 qram güclü təsir edən maddə müsadirə edilib. 1192 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 811 kiloqram 844,1 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
2023-cü ilin yanvar-may ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 3 ton 765 kiloqram 317,349 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 157 milyon 555 min manat kimi qiymətləndirilir.
Təhlil göstərir ki, 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 2023-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 163, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 237, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 26 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 258 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 885 kiloqram 492,599 qram artıb. O cümlədən, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 53, digər növ cinayət faktların sayı 15, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 6, qrup halında olan cinayətlərin sayı isə 26 fakt azalıb.
Müvafiq dövr ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 36563 nəfər istiqamətləndirilib.
Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1188 nəfərdən 640-nın istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
Hesabat dövrü ərzində İşçi Qrupu tərəfindən aidiyyəti qurumlarla 5 Tədbirlər Planı imzalanıb və ümumilikdə maarifləndirmə tədbirləri çərçivəsində 42 tədbir (26 maarifləndirmə tədbiri, 13 təlim, 3 mədəni-kütləvi tədbir, yutub kanalı vasitəsilə yayımlanan 1 film, 1 rəsm müsabiqəsi) təşkil edilib.
Yanvar-may ayları ərzində 802 - qaynar xətt telefon zəng xidmətinə 476 vətəndaş müraciəti daxil olub ki, onların 66-sı narkotik vasitələrin qanunsuz dövriyyəsi, 198-i narkotik asılılıqdan müalicə, 212-si isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 264 məktub ünvanlanıb.