İQTİSADİYYAT
Ötən il 90-dan çox sosial təyinatlı obyektdə monitorinq aparılmışdır
Bakı, 2 fevral (AZƏRTAC). Ötən il özəlləşdirilmədən sonra bağlanılmış alğı-satqı müqavilələrinin şərtlərinə əməl olunması və fəaliyyət profilinin saxlanılması sahəsində vəziyyəti araşdırmaq məqsədi ilə 90-dan çox sosial təyinatlı obyektdə monitorinqlər aparılmışdır.
Bu barədə AZƏRTAC-a Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilmişdir. Bildirilmişdir ki, monitorinqlərin nəticələri barədə müvafiq arayışlar tərtib edilmiş və mülkiyyətçilərə qanunvericiliklə və alğı-satqı müqaviləsi ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsi barədə 70-dən çox xəbərdarlıq məktubu göndərilmişdir.
Dövlət müəssisələrinin yaradılması, yenidən təşkili və nizamnamələrində əlavə və dəyişikliklər edilməsi barədə daxil olmuş müraciətlərə baxılaraq 20-dən çox Məhdud Məsuliyyətli və 5 Açıq Səhmdar Cəmiyyəti dövlət qeydiyyatına alınmış, 3 açıq səhmdar və 8 Məhdud Məsuliyyətli Cəmiyyətin nizamnamələrinə edilmiş dəyişikliklərin qeydiyyata alınması təmin olunmuşdur.
Hesabat ilində 6215 hüquqi şəxs statuslu dövlət müəssisəsi, idarə və təşkilatının balansındakı 152 min 600-dən çox daşınmaz əmlak barədə dövlət reyestrində olan məlumatların dəqiqləşdirilməsi davam etdirilmişdir.
2013-cü ildə dövlət əmlakının özəlləşdirilməsi, icarəyə və balansdan-balansa verilməsi, texniki pasportların hazırlanması və ilə əlaqədar dövlət əmlakının reyestrindən 4200-dən çox çıxarış hazırlanmışdır.
Yetmişdən çox dövlət və qeyri-dövlət təşkilatının bina və torpaq sahəsi ilə təmin edilməsi məsələsinə baxılmış və 15-dən çox təşkilat yerlə təmin edilmişdir. Həmin təşkilatlara, ümumilikdə, 19 min kvadratmetrdən çox qeyri-yaşayış sahəsi və 79,2 hektaradək torpaq sahəsi ayrılmışdır.