DÜNYA
Ötən sutka ərzində dünyada koronavirusa rekord sayda yoluxma qeydə alınıb
Bakı, 14 yanvar, AZƏRTAC
Ötən sutka ərzində dünyada koronavirusa 3 milyon 220 mindən çox yoluxma halı qeydə alınıb ki, bu da bütün pandemiya dövrü ərzində maksimum göstəricidir.
AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer portalına istinadla xəbər verir ki, bundan əvvəlki rekord 2 milyon 922 min nəfərin yoluxduğu yanvarın 11-nə təsadüf edir.
Həmçinin son 24 saat ərzində dünyada daha 7 min 692 nəfər COVID-19 infeksiyasının qurbanı olub.
Xatırladaq ki, 2020-ci ilin martında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Bu gün səhər saatlarına olan məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 321 milyon 83 min nəfəri ötüb, ölənlərin sayı 5 milyon 540 min 397 nəfərə çatıb, 264 milyon 280 min nəfər isə sağalıb.