ELM VƏ TƏHSİL
Özbəkistan arxeoloqları Daşkənd ətrafında Türk Xaqanlığına məxsus qəbiristanlıq tapıblar
![](/files/galleryphoto/2019/3/1200x630/15743316774119139167_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15743316771383138852_1200x630.jpg)
Daşkənd, 21 noyabr, АZƏRTAC
Özbəkistan arxeoloqları Daşkənddən 100 kilometr şimal-şərqdə, Tyan-Şanın qərbində dəniz səviyyəsindən 1000 metr hündürlükdə eramızdan əvvəl 6-7-ci əsrlərdə burada məskunlaşan Türk Xaqanlığına məxsus qəbiristanlıq aşkar ediblər.
Daşkənd Beynəlxalq Məktəbinin müəllimi Skot Beker deyib ki, bu qədim qəbiristanlıq sel daşqınlarından sonra üzə çıxıb.
Özbəkistan Elmlər Akademiyası Milli Arxeologiya Mərkəzinin əməkdaşları həmin ərazini tədqiq edərək insan skeletləri, kəllə sümükləri aşkar ediblər. Burada gil qablar, dəmir xəncərlər də tapılıb.
Qədim yazılı mənbələr göstərir ki, eramızdan əvvəl VI əsrdə Türk Xaqanlığı Qara dənizdən Sakit okeana qədər uzanaraq bu ərazidəki türk xalqlarını birləşdirib. Həmin dövrdə Daşkənd şəhəri Şaş adlanıb və inzibati mərkəzlərdən biri olub.
Şərq və Qərbi birləşdirən karvan yollarının üzərində yerləşən qədim Şaş mülayim iqlimi, içməli suyu, münbit torpağı, ucsuz-bucaqsız çölləri, otlaqları və yeraltı sərvətləri ilə insanları cəlb edib.
Arxeoloqlar bu tapıntının çox mühüm olduğunu bildirərək deyiblər ki, qəbirlərdəki insan qalıqları çıxarılıb dərindən araşdırılmalıdır. Bununla bağlı Milli Arxeologiya Mərkəzində xüsusi tədqiqat qrupu yaradılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd