SİYASƏT
Özbəkistan Azərbaycan ilə iqtisadi əlaqələri genişləndirməkdə maraqlıdır
Bakı, 8 oktyabr (AZƏRTAC). Oktyabrın 8-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Özbəkistanın xarici iqtisadi əlaqələr, investisiyalar və ticarət naziri Elyor Qəniyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, E.Məmmədyarov Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluğunu bildirmişdir. Nazir Azərbaycan ilə Özbəkistan arasında xüsusilə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi məqsədilə iki ölkənin işgüzar dairələri arasında əlaqələrin artırılmasının və birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulamışdır. Həmçinin, ölkələrimiz arasında sərmayələrin və ikitərəfli ticarət həcminin artırılmasının Azərbaycan-Özbəkistan münasibətlərinin genişləndirilməsinə töhfə verəcəyini qeyd etmişdir.
Ölkəmizə səfərindən məmnunluğunu bildirən E.Qəniyev Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin dinamik inkişafından məmnunluğunu bildirmişdir. Nazir, həmçinin ölkəsinin Azərbaycan ilə iqtisadi əlaqələri genişləndirməkdə maraqlı olduğunu vurğulamışdır.