SİYASƏT
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzində Beynəlxalq İtkin Düşənlər Günü ilə əlaqədar tədbir keçirilib
![](/files/galleryphoto/2021/2/1200x630/16303394353233555879_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/16303394351990927720_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/1630339435588435506_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/1630339435130023693_1200x630.jpg)
Daşkənd, 30 avqust, АZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Beynəlxalq İtkin Düşənlər Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyimizin və Mədəniyyət Mərkəzinin əməkdaşları, yerli ictimaiyyətin nümayəndələri, azərbaycanlı fəallar, jurnalistlər iştirak ediblər.
Əvvəlcə Mədəniyyət Mərkəzinin həyətindəki “Şəhidlər bağı”nda Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunan abidə kompleksinin qarşısına gül-çiçək qoyulub.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. AMM-nin direktoru Samir Abbasov Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərlə bağlı məlumat verib, Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsinin daim xalqımız üçün əziz olduğunu bildirib. O, Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən əsir və girov götürülmüş 4 minə yaxın soydaşımızın hələ də itkin düşmüş hesab olunduğunu söyləyib.
Sonra tədbir Mədəniyyət Mərkəzinin foyesində davam edib. Qonaqlara Beynəlxalq İtkin Düşənlər Gününə həsr olunmuş foto və kitablardan ibarət sərgi, Azərbaycan Əsir və İtkin Düşmüş, Girov götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən görülən işlər haqqında məlumat verilib. İştirakçılara Azərbaycanın Qarabağ bölgəsi, Vətən müharibəsi və Azərbaycanın Qələbəsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin sülhsevər və müdrik siyasəti haqqında məruzələr və çıxışlar təqdim olunub.
Mərkəzin əməkdaşı Kifayət Pirməmmədova itkin düşmüş şəxslərin taleyi, onların axtarışı, hüquqları mövzusunda məlumat verib.
Tədbirdə bildirilib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində 553 nəfər Azərbaycan vətəndaşı əsirlikdə qətlə yetirilib. Onlardan 104-ü qadın, 448-i kişidir, 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd