SİYASƏT
Pakistan mətbuatında ümummilli lider Heydər Əliyevin anadan olmasının 97 illiyi ilə bağlı yazılar dərc edilib
İslamabad, 12 may, AZƏRTAC
Pakistanda nəşr edilən “İslamabad Post” və “National Herald Tribune” qəzetlərində, “Diplomatic News Agency” xəbər agentliyində və “Centreline” jurnalında, eləcə də bu mətbuat orqanlarının internet səhifələrində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə bağlı Mehrin Gülün “Dünya tarixindən örnək: Həqiqi Lider - Heydər Əlirza oğlu Əliyev” başlıqlı məqaləsi dərc olunub.
Müəllif məqalədə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevi uzaqgörən, nüfuzlu, idarəçiliyin zirvəsində duran dövlət xadimi kimi xarakterizə edir. Yazıda Heydər Əliyevin SSRİ dövründə tutduğu yüksək vəzifələrdən bəhs edilir, onun 20 Yanvar hadisələri zamanı Azərbaycan xalqına qarşı törədilmiş cinayəti sərt şəkildə pislədiyi və Kommunist Partiyasını tərk etdiyi bildirilir.
Məqalədə müəllif xalqın tələbi ilə Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsindən söz açır, Ulu Öndərin Azərbaycanda idarəetmə sisteminin təkmilləşdirilməsi, demokratik dəyərlər, plüralizm, azad bazar iqtisadiyyatı və insan hüquqlarına hörmət prinsiplərinə əsaslanan dövlət quruculuğunu həyata keçirdiyini vurğulayıb.
Həmçinin yazıda Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə vətəndaş müharibəsinin qarşısının alındığı, iqtisadi və siyasi sabitliyin bərqərar edildiyi, cəbhədə atəşkəsin əldə olunduğu, dünya ölkələri ilə balanslaşdırılmış münasibətlərin qurulduğu, “Əsrin müqaviləsi”nin imzalandığı, neft və qaz kəmərlərinin inşa edildiyi diqqətə çatdırılır, ölkədə həyata keçirilən digər islahatlardan bəhs olunur.
Mehrin Gül Ümummilli Liderin siyasi kursunun Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini qeyd edir, ölkənin əldə etdiyi iqtisadi və siyasi uğurlardan, eləcə də koronavirus pandemiyasına qarşı həyata keçirilən səmərəli tədbirlərdən söhbət açır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad