İQTİSADİYYAT
“Paşa Sığorta” nizamnamə kapitalını artırır
Bakı, 1 aprel (AZƏRTAC ). Paşa Holdinq təsisçisi olduğu “Paşa Sığorta” ASC-nin nizamnamə kapitalının 30 milyon manata qədər artırılması barədə təklifi təsdiq etmişdir.
Sığortaçının nizamnamə kapitalının artırılması 2010-cu ilin gəliri və şirkət səhmdarlarının əlavə vəsaiti hesabına həyata keçirilmişdir. Bu prosesin reallaşdırılması üçün Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti məlumatlandırılmışdır.
Holdinq rəhbərliyi tərəfindən, eyni zamanda, sığorta şirkətinin idarəetmə strukturunun təkmilləşdirilməsi, idarə heyəti üzvlərinin sayının artırılması və kadr siyasəti üzrə qərarlar qəbul olunmuşdur.
Kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə “Paşa Sığorta” 30 milyon manat nizamnamə kapitalı və 43 milyon manat cari aktivləri ilə sığorta bazarının liderinə çevrilir.