İQTİSADİYYAT
Paytaxtın qəsəbələrarası avtomobil yolları təmir olunur
Bakı, 12 aprel (AZƏRTAC). Paytaxt yollarının prospekt və küçələri ilə yanaşı, qəsəbələrarası avtomobil yollarında da təmir işləri davam etdirilir.
Nəqliyyat Nazirliyinin “Azəryolsevis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Zığ-Hövsan, Hövsan-Türkan, M.Rəsulzadə-Binəqədi-Novxanı qəsəbələrini birləşdirməklə dəniz sahili istiqamətinə çıxan avtomobil yolu, Binəqədi şossesindən başlayaraq Biləcəri qəsəbəsindən keçməklə Bakı-Sumqayıt yolunun 10-cu kilometrinədək olan hissə, Mərdəkan istiqamətindəki mərkəzi yol, şəhər şossesi (Sabunçu qovşağından Zabrat dairəsinədək), Xocəsən-Lökbatan avtomobil yolları cədvələ əsasən təmir olunur.
Zığ dairəsi-Aeroport yolunun 13-cü kilometrliyindən Qala stansiyasına gedən istiqamətdə isə yeni yol salınır. 12,5 kilometr uzunluqda 4 hərəkət zolaqlı olacaq avtomobil yolunun bu ilin sonu-gələn ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır. Yeni yol istifadəyə verildikdən sonra Türkan, Qala və digər qəsəbələrlə paytaxt arasındakı avtomobil yolu xeyli qısalacaqdır.