Peyvəndləmənin zoonoz xəstəliklərə qarşı mübarizədə əhəmiyyəti
Bakı, 14 aprel, AZƏRTAC
Heyvanların peyvəndlənməsinin zoonoz xəstəliklərlə mübarizədə əhəmiyyəti böyükdür, çünki qarayara, dabaq, bruselyoz, vərəm, quduzluq və s. kimi xəstəliklərin yayılmasının qarşısını alır. Həmçinin zoonoz xəstəliklərinin heyvanlara, insanlara və eləcə də ətraf mühitə yayılma riskinin azaldılması istiqamətində səmərəli və zərərsiz vasitədir.
Qida Təhlükəsizliyi Agentliyinin AZƏRTAC-a ünvanladığı maarifləndirici material peyvəndləmənin zoonoz xəstəliklərə qarşı mübarizədə əhəmiyyətinə həsr olunub.
Heyvandarlıq təsərrüfatlarında peyvəndləmə tədbirləri aparılarkən bəzi qaydalara əməl olunmalıdır. Belə ki, peyvənd baytar mütəxəssisin təyinatı və iştirakı ilə yalnız kliniki sağlam heyvanlara vurula bilər. Qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən vaksinlərin tətbiq edilməsi qadağandır. Peyvəndləmə “soyuq zəncir” prinsipi gözlənilməklə həyata keçirilməlidir. Yəni profilaktik tədbirlər aparılan zaman peyvəndin istehsalı, göndərilməsi, paylanması, saxlanması və tətbiqi düzgün təmin edilməlidir. Vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması, eləcə də təlimatın gözlənilməməsi və digər amillər nəticəsində fəsadlar yarana bilər. Peyvəndləmədən sonra heyvanlarda qızdırma, ishal, qusma və s. kimi əlamətlər müşahidə olunan zaman mütləq baytar mütəxəssisə müraciət edilməlidir. Mütəxəssislər vaksin vurulmuş heyvanların məhsullarından (ət, süd və s.) peyvəndin təlimatına uyğun gözləmə müddəti bitdikdən sonra istifadə etməyi məsləhət görürlər.
Xatırladaq ki, xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə dövlət tərəfindən pulsuz həyata keçirilir. Əhalini sağlam və təhlükəsiz qida ilə təmin etmək üçün heyvanları peyvəndləmədən yayındırmamaq tövsiyə olunur.
Təsərrüfat sahibləri heyvan xəstəliklərinə qarşı aparılan profilaktik və müxtəlif sağlamlaşdırıcı tədbirlərin yerinə yetirilməsi zamanı qarşılaşdıqları problemlərlə əlaqədar Qida Təhlükəsizliyi Agentliyinin 1003 - “Çağrı mərkəzi”nə müraciət edə bilərlər.