CƏMİYYƏT
Polis əməkdaşları mağazanın kassasından quldurluq yolu ilə pul götürən şəxsi saxlayıblar VİDEO
Bakı, 7 dekabr, AZƏRTAC
Xətai rayonundakı mağazalardan birinə quldurluq niyyəti ilə basqın edən şəxsin müəyyənləşdirilərək saxlanılması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 9-da naməlum şəxs mağazada satıcı işləyən Vahid Quliyevi bıçaqla hədələyərək kassadan 420 manat pulu quldurluq yolu ilə götürərək hadisə yerindən qaçıb.
Xətai Rayon Polis İdarəsinə məlumat daxil olan kimi, dərhal hadisə yerinə əməliyyat-istintaq qrupu yollanıb. Ekspert-kriminalistlərin iştirakı ilə obyektə baxış keçirilib, müvafiq əl-barmaq izləri götürülüb.
Bakı Baş Polis İdarəsinin Cinayət Axtarışı və Xətai Rayon Polis idarələrinin əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Şahin Bədəlov saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxsin başqa cinayətlərdə iştirakını da istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.