REGİONLAR
Şimal-qərb bölgəsinin 31 məktəblisi respublika fənn olimpiadalarında uğur qazanıb


Şəki, 13 may, Mustafa Dadaşov, AZƏRTAC
2023-2024-cü tədris ilində keçirilən respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 2 nəfər qızıl, 12 nəfər gümüş, 17 nəfər isə bürünc medal qazanıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsindən məlumat verilib.
Həmçinin mayın 5-də Elm və Təhsil Nazirliyi tərəfindən keçirilmiş məktəblilərarası fənn müsabiqələrinin və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsilalan 95 şagird müsabiqələrin yarımfinal, 21 şagird isə olimpiadanın final turuna vəsiqə qazanıb.