DÜNYA
Polşa Rusiya vətəndaşları üçün sadələşdirilmiş işə qəbul prosedurunu ləğv edib
![Polşa Rusiya vətəndaşları üçün sadələşdirilmiş işə qəbul prosedurunu ləğv edib](/files/2022/3/1200x630/16669626106502460524_1200x630.jpg)
Bakı, 28 oktyabr, AZƏRTAC
Polşanın ailə və sosial siyasət naziri Marlena Malonq rusiyalılar üçün sadələşdirilmiş işə qəbul prosedurunu ləğv edən fərmanı imzalayıb.
AZƏRTAC Polşa mediasına istinadla xəbər verir ki, nazirin sözlərinə görə, bundan sonra Rusiya vətəndaşlarını əmək icazəsi əsasında işə götürmək istəyən sahibkarlar əvvəlki kimi əmək bazarının sınaq prosesindən azad edilməyəcək. Eyni zamanda, əvvəllər alınan icazələr müddəti bitənə qədər qüvvədə qalacaq.
Polşa hökuməti bu addımı Moskvanın Ukraynadakı işğalçı fəaliyyəti və Rusiyadan miqrasiya riskinin artması ilə izah edib. Bundan sonra Polşa qanunvericiliyində əcnəbilərin işə götürülməsi ilə bağlı sadələşdirilmiş prosedur yalnız Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna vətəndaşları üçün keçərli olacaq.
Bu ilin birinci yarısının sonlarına qədər 13 minə yaxın rusiyalı Polşada sadələşdirilmiş prosedur əsasında çalışırdı.