POLŞA SENATININ AVROPA İTTİFAQI ÜZRƏ KOMİSSİYASI SƏDRİNİN MƏTBUAT KONFRANSI
Karol Karski bildirdi ki, bu, Polşa parlamentinin nümayəndələri Bakıya ilk dəfə gəlmişlər. Səfər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarətdən başlamışdır.
Ölkəmizə Milli Məclisin dəvəti ilə gələn Senatın nümayəndə heyətinin başçısı məmnunluqla vurğuladı ki, Polşa-Azərbaycan münasibətləri uğurla inkişaf edir və möhkəmlənir.
Qonaq səfər zamanı Milli Məclisin sədri Oqtay Əsədovla, parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidovla, Azərbaycan-Polşa parlamentlərarası əməkdaşlıq qrupunun üzvləri ilə, iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərovla, müxalifətin liderləri ilə keçirdikləri görüşlərdən danışdı. Nümayəndə heyəti qaçqınların və məcburi köçkünlərin müvəqqəti yaşayış yerlərində də olmuşdur.
K.Karski dedi ki, Azərbaycan gözəl və zəngin ölkədir. Lakin ölkələrimiz arasında əmtəə dövriyyəsi mövcud potensialla müqayisədə çox azdır. Polşa Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlıdır. Bildirildi ki, iqtisadi əməkdaşlıq üzrə Polşa-Azərbaycan hökumətlərarası komissiyasının birinci iclası sentyabrda Varşavada keçiriləcəkdir.
K.Karski xüsusi vurğuladı ki, Polşa Azərbaycanın ərazi bütövlüyünü, habelə Avropa İttifaqına inteqrasiyasını dəstəkləyir.