DÜNYA
Polşa və Çexiya Turov kömür mədəni ilə bağlı danışıqları bərpa edib
![Polşa və Çexiya Turov kömür mədəni ilə bağlı danışıqları bərpa edib](/files/2022/1/1200x630/16425266181773915255_1200x630.jpg)
Bakı, 18 yanvar, AZƏRTAC
Yanvarın 18-də Varşavada Turov kömür mədəni ilə bağlı sazişin hazırlanması məqsədilə Polşa-Çexiya danışıqları keçiriləcək. Polşa tərəfi mədənlə bağlı yaranmış mübahisəni sülh yolu ilə həll etmək niyyətindədir.
AZƏRTAC PAP agentliyinə istinadla xəbər verir ki, bu barədə Polşa İqlim və Ətraf Mühit Nazirliyinin sözçüsü məlumat yayıb. Açıqlamada bildirilib ki, Çexiyanın ətraf mühit nazirinin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 18-də Polşanın iqlim və ətraf mühit naziri ilə görüşmək üçün Varşavaya gəlib.
Qeyd edək ki, iki ölkə arasında danışıqlar 2021-ci ilin iyununda başlayıb. Bu görüş iki ölkə arasında son iki ayda mədənlə bağlı ilk təmas olacaq.
Polşa və Çexiya arasında Turov mədəni ilə bağlı münaqişə artıq bir neçə ildir davam edir. Turov mədəni Polşa-Çexiya sərhədi yaxınlığında yerləşir. Bundan əlavə, bu mədəndən əldə edilən kömür Polşa üçün istilik təchizatı mənbəyidir. Çexiya hökuməti iddia edir ki, mədən ətraf mühit, eləcə də sərhədə yaxın bir neçə qəsəbəsinin sakinləri üçün zərərlidir.
Bir müddət əvvəl beynəlxalq məhkəməsi Polşaya gündəlik 500 min avro cərimə tətbiq etmişdi.