SİYASƏT
Prezident İlham Əliyev Azərbaycan xalqına son 200 ilin ən şərəfli və şanlı tarixini yaşadıb ŞƏRH
![Prezident İlham Əliyev Azərbaycan xalqına son 200 ilin ən şərəfli və şanlı tarixini yaşadıb ŞƏRH](/files/2023/3/1200x630/16972786975412445837_1200x630.jpg)
Bakı, 14 oktyabr, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı ən böyük xidməti ölkənin gələcəyini etibar edə biləcək layiqli siyasi varisin cəmiyyətə təqdim etməsidir. Çünki tarix sübut edib ki, böyük sərkərdələr, liderlər özlərindən sonra dövləti idarə edə biləcək bir şəxsiyyəti yetişdirmədiyinə görə güclü imperiyalar dağılıb. Ulu Öndər isə Azərbaycan Respublikasının müstəqilliyinin əsaslarını yaratmaqla yanaşı, özündən sonra dövlətin və xalqın taleyini etibar edə biləcəyi bir şəxsiyyət də yetişdirdi. Belə ki, 2003-cü il oktyabrın 15-də prezidentliyə seçkilər ərəfəsində Ümummilli Lider Heydər Əliyev namizədliyini İlham Əliyevin xeyrinə geri götürərək xalqa müraciət edir və özünün əsasını qoyduğu siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərir. Dahi liderin bu çağırışının dövlətin və xalqın taleyinin gələcəyi ilə bağlı olduğunu zaman sübut etdi. Prezident İlham Əliyevin rəhbərliyinin 20 ilində Azərbaycan dövləti ictimai-siyasi həyatının bütün sahələrində kompleks inkişaf yolu keçdi. Bu inkişaf yolunda Ulu Öndərin siyasi kursu və strategiyası yüksək dəqiqliklə davam etdirildi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra, ilk növbədə, ölkədə siyasi sabitlik daha da möhkəmlənib. Bu illərdə Azərbaycanda siyasi sabitliyi pozmaq üçün ölkə daxilindən və xaricindən çoxlu cəhdlər olundu. Amma Azərbaycan xalqı öz Prezidentinin yanında daha da sıx birləşdi və bu birliyi heç bir gücün sarsıda bilməyəcəyini dünyaya sübut etdi. Ölkə Prezidenti ilə xalq arasındakı monolit birlik digər uğurların təməlində dayanır.
“Prezident İlham Əliyevin rəhbərliyinin 20 ilində dövlət idarəetmə sistemində dərin islahatlar həyata keçirildi. Bu islahatlar korrupsiyaya qarşı mübarizəni gücləndirərək, operativ və şəffaf idarəetmə sisteminin formalaşmasına yol açdı. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən islahatların hakimiyyət qollarına sirayət etməsi sayəsində ölkədə demokratik və şəffaflıq təmin edilməklə yeni siyasi konfiqurasiya formalaşdı. Bununla da təmin olunmuş sabitlik və şəffaf dövlət idarəçiliyi ölkədə siyasi və iqtisadi islahatların uğurla aparılmasına yol açdı.
Belə ki, İlham Əliyev Prezident seçiləndə Azərbaycanın regionları ilə mərkəz arasındakı fərqi aradan qaldıracağını və həyata keçirilən sosial iqtisadi inkişafdan hər bir vətəndaşın yararlanacağını qeyd etmişdi. Məhz 2003-cü ildə imzalanan və bir il sonra icrasına başlanılan “Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın üç mərhələsinin icrasına yatırılan sərmayənin sayəsində Azərbaycanın bütün regionları yeniləndi. İcrası davam etdirilən Dövlət Proqramının 4-cü mərhələsinə 20 milyard dollar nəzərdə tutulsa da, işğaldan azad olunan ərazilərin yenidənqurma və bərpasına əlavə olaraq 7 milyard dollar da vəsait ayrılıb. Azərbaycan bu gün artıq Qələbə ruhu ilə inkişaf edir”, - deyə deputat vurğulayıb.
A.Badamov əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkədə sarsılmaz milli birlik və həmrəylik mühiti yaradıldı, siyasi və iqtisadi müstəqillik təmin edildi, ordu müasirləşdirildi. Həmçinin öz canını Vətən yolunda fəda etməyə hazır olan gənc nəsil tərbiyə olundu və onlar 30 il işğal altında qalan torpaqlarını azad edərək Qarabağda separatçıların yuvasını məhv etdilər. Beləliklə, Prezident İlham Əliyev Azərbaycan xalqına son 200 ilin ən şərəfli və şanlı tarixini yaşatdı. Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanı gələcəkdə daha böyük uğurlar və qələbələr gözləyir. Hakimiyyətdə olduğu 20 ildə İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olduğunu sübut etdi.