Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi “sülh danışıqları prosesi” üzərində qurulan oyunların mahiyyətini açdı - Ekspert

Bakı, 3 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin “Euronews” televiziyasında yayımlanan müsahibəsi həm informasiya yükü, həm də yeni mesajlar baxımından zəngindir. Bu müsahibədə Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqları prosesinin üç müxtəlif platforma üzərində qurulmasının səbəblərinə aydınlıq gətirilir. İki ölkə arasında razılaşmanın əldə edilməsinə, sülh müqaviləsinin imzalanmasına mane olan amillər göstərilir. Ermənistanın hərbi-siyasi rəhbərliyinin manevrləri, xarici güc mərkəzlərinin prosesə neqativ təsirləri detallı şəkildə təsvir edilir. Həmçinin beynəlxalq təşkilatların Qarabağ münaqişəsinin kökündə dayanan “erməni separatizmi”nə ikili standartlarla yanaşmaları tənqid olunur. İkili yanaşmanı təsdiq edən sübutlar göstərilir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.
Ekspertin sözlərinə görə, Prezident İlham Əliyevin müsahibəsinin belə əhatəli, informativ və arqumentli olması imkan yaradır ki, Avropa auditoriyası Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqlarının detalları barədə məlumat alsın, həqiqətləri görə bilsin.
"Dövlətimizin başçısı müsahibəsində Laçın yolu məsələsi üzərində xüsusi dayandı. Ermənistanın hərbi-siyasi rəhbərliyinin son aylar ərzində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi mövzusunu məqsədli şəkildə qabartdığını, “Qarabağ ermənilərinin blokadada saxlanılması” barədə yalançı rəy formalaşdırmağa çalışdığını nəzərə alsaq deyə bilərik ki, “Euronews” televiziyasına verilən müsahibədə bu mövzu üzərində fokuslanmağa zərurət var idi. Azərbaycan Prezidenti digər mövzularda olduğu kimi, Laçın yolu məsələsi ilə bağlı da yetərli informasiyalar verdi. Belə ki, dövlətimizin başçısı “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi ətrafında cərəyan edən proseslərin şou xarakteri daşıdığını isbatladı. Müsahibənin bu bölməsinin də informativ, arqumentli olması Azərbaycanın haqlı mövqeyini aydın şəkildə ifadə etdi",- deyə o vurğulayıb.
M.Ələsgərli əlavə edib ki, müsahibədə diqqət çəkən digər bir məqam Prezident İlham Əliyevin Qarabağ regionunda yaşayan ermənilərə, həmçinin Ermənistan əhalisinə ünvanladığı mesajlardır. Erməni auditoriyasına ünvanlanmış mesajlarda vurğulanır ki, onlar uzun illər ərzində özlərinin hərbi-siyasi rəhbərləri tərəfindən aldadılıblar, gerçəkliklə heç bir əlaqəsi olmayan xülyalara qapılıblar. Dövlətimizin başçısı onları dəvət edir ki, gerçəklikdən uzaq olan xəyallardan əl çəkib özlərinin real durumlarına baxsınlar, Ermənistanla Azərbaycanın müqayisəli təhlilini aparsınlar. Eyni zamanda, ədalətə söykənən sülhə imza atmaqdan başqa çıxış yollarının olmadığını anlasınlar.
Media eksperti qeyd edib ki, bu müsahibə çox əhatəlidir. Prezident İlham Əliyevin ünvanlanan bütün suallara arqumental cavab verməsi Avropa və bütövlükdə Qərb auditoriyasında təsəvvür formalaşdırır ki, cərəyan edən mövcud proseslər fonunda Azərbaycanın tutduğu mövqe əsaslı və ədalətlidir.