CƏMİYYƏT
Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz hazırda dünyanın ən qüdrətli Silahlı Qüvvələri sırasındadır - ŞƏRH
![Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz hazırda dünyanın ən qüdrətli Silahlı Qüvvələri sırasındadır - ŞƏRH](/files/2023/3/1200x630/16973936396143961064_1200x630.jpg)
Bakı, 15 oktyabr, AZƏRTAC
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ötən 20 il Azərbaycan dövlətinin taleyində tarixi missiyanın başlanğıcı olub, müsbətə doğru inkişaf hazırda da davam edir. Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı tarixi missiya və əbədi dövlətçilik təməlinin əsasında Prezident İlham Əliyev bunu Azərbaycan xalqının imzasına çevirdi.
Bu barədə AZƏRTAC-a açıqlamasında “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə söyləyib.
İctimai Birliyin sədri xatırladıb ki, 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə Azərbaycan Ordusunun ən çevik və yüksək döyüş qabiliyyətinə malik bölmələrindən biri quruldu. Xüsusi Təyinatlı Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsinin iştirakçıları olan zabit və gizirlər fəal iştirak ediblər. Ümummilli Lider Heydər Əliyev tərəfindən vahid komandanlıq altında birləşdirilən Ordumuzun bu bölmələri Türkiyə Silahlı Qüvvələri və onun Xüsusi Təyinatlı Qüvvələri ilə sıx əməkdaşlıq şəraitində yaradılıb.
Ali Baş Komandan İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrə yüksək diqqət göstərir. Onların fəaliyyəti, təchizatı, gündəlik məşqləri mütəmadi nəzarətdədir. Heç də hər hərbçi Xüsusi Təyinatlı Qüvvələrin üzvü seçilmək hüququ qazanmır. Bunun üçün ağır təlimlər, hərbi imtahanlar, iradə nümayişi vacib şərtlərdəndir. Burada əlbəyaxa döyüş, dərin kəşfiyyat, düşmən arxasına keçmə, həyatda qalma, mühəndis, atəş, psixoloji, desant, dalğıc, tibbi, asimmetrik döyüş və sair kimi hazırlıqlar üzrə təlimlər keçirilir.
Bəhruz Məmmədzadənin sözlərinə görə, 2003-cü ildən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar bu gün ordumuzun dünyanın ən qüdrətli ordularının sırasına daxil olmasına imkan yaradıb. Görülən işlərin nəticəsidir ki, hazırda Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasındadır.
İctimai Birliyin sədri xüsusi olaraq vurğulayıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi “Zəfər Günü” kimi dünya tarixinin səhifələrinə qızıl hərflərlə yazıldı. Azərbaycan xalqının ən ağrılı yarası olan münaqişəni geridə qoydu, Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi hər bir azərbaycanlıya qələbə sevincini bəxş etdi. Bu ilin sentyabrında cəmi 23 saat 51 dəqiqə ərzində terrorçuları ağ bayraq qaldıraraq təslim olmağa, dırnaqarası hərbi rejimini özünü buraxmağa vadar etmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinə şanlı Qələbə ilə əks olundu. "Hazırda Azərbaycan Respublikası bütün sahələrin güclü olduğu ölkədir, hər kəsin rifahı naminə sağlam mühit formalaşıb. Prezident İlham Əliyevin liderliyi ilə dövlətimiz beynəlxalq aləmdə böyük nüfuz və hörmət qazanıb, söz sahibinə çevrilib.
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin üzvləri də tarixi missiyalarımızda Prezidentimizlə çiyin-çiyinə dayanmaqdan şərəf və qürur duyur. Onlar hər zaman istər hərbidə, istərsə də mülki həyatda Ali Baş Komandanın əmrindədir. Bundan sonra da dövlətimizin milli maraqları naminə xüsusi təyinatlı missiyasını davam etdirəcək”, - deyə B.Məmmədzadə vurğulayıb.