SİYASƏT
Prezident İlham Əliyevin Serbiyada interkonnektorun açılışında çıxışı Azərbaycanın bərpaolunan enerjiyə keçidinin anonsu idi - ŞƏRH

Bakı, 11 dekabr, AZƏRTAC
Çoxsaylı maneələrə və süni əngəllərə baxmayaraq, üç il əvvəl 3500 kilometr uzunluğunda inteqrasiya edilmiş qaz boru kəmərlərindən ibarət Cənub Qaz Dəhlizinin formalaşmasının məhz Prezident İlham Əliyevin qətiyyəti sayəsində başa çatdırılması Azərbaycana özünün qaz təchizatının coğrafiyasını genişləndirmək imkanı yaratdı. Nəticədə Azərbaycan özünün neft hasilatını və bir çox ölkənin enerji təhlükəsizliyindəki rolunu qorumaqla, dövlətimizin başçısının da ifadə etdiyi kimi, “neft hasilatından təbii qaz istehsalına keçidi” reallaşdırmağı bacardı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.
Deputat qeyd edib ki, qütblərarası ziddiyyətin dərinləşməsi, xüsusilə Rusiya-Ukrayna qarşıdurmasının açıq müharibəyə çevrilməsinin geosiyasi konfiqurasiyanı köklü formada dəyişdiyi vaxtda Azərbaycan Prezidentinin zamanında şaxələndirilmiş enerji siyasətini nə qədər uzaqgörənliklə reallaşdırmasının əhəmiyyəti bir daha aydın oldu. Rusiyaya qarşı sanksiyalar fonunda Avropa qitəsinin düşdüyü çətin durumda nəzərlər Azərbaycana yönəldi və dövlətimizin başçısı qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyasının müraciətinə müsbət cavab verərək, prosesi dünən Serbiyadan da ifadə etdiyi kimi, “bizim işgüzar əlaqələrimizin vacib hissəsi”nə çevirdi.
B.Məhərrəmov, həmçinin bildirib: “Prezidentimizin iradəsi ilə uzaqgörənliklə qurulmuş şaxələndirilmiş təchizat infrastrukturu Avropa üçün Azərbaycan variantını xüsusilə cazibədar və alternativsiz edirdi. Nəticədə 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalandı və müqaviləyə əsasən, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmağı, alıcı isə bunu almağı öhdəsinə götürdü. Bu Memoranduma qədər isə artıq Azərbaycanın Qərbə qaz ixracı təcrübəsi var idi - biz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Rumıniyaya qaz ixrac edirdik. Sonrakı qısa müddət ərzində isə bu sıra daha da genişləndi. Prezident İlham Əliyevin noyabrın 23-də “Euronews” televiziyasına müsahibəsində bildirdiyi kimi, “Həmçinin biz Macarıstan və Serbiya ilə müqavilələr imzalamışıq, eyni zamanda Albaniya da bizim qazın paylanılmasına dair planlarımıza daxildir”. Bu mənada, Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verə biləcək layihə olmaqla yanaşı, həm də Azərbaycanın gələcək planları ilə üst-üstə düşdüyü üçün ölkəmizin enerji siyasətində mühüm mərhələ hesab edilməlidir. Çünki dövlətimizin başçısı İnterkonnektorun açılış mərasimində də açıq şəkildə ifadə etdi ki, “gələcək planlarımız, təbii ki, qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır”.
Vurğulanıb ki, qısa müddət ərzində məhz yalnız qaz ixracı ilə enerji təhlükəsizliyində önəmli rol oynadığımız ölkələrin sayının yeddisi Avropa ölkəsi olmaqla, doqquza çatdırılması, o cümlədən ötürülən qazın həcminin əhəmiyyətli dərəcədə artırılması, eyni zamanda, Azərbaycanın beynəlxalq hüququn “öhdəliklərə vicdanla əməl edilməsi” prinsipinə dönməz sadiqlik göstərən qlobal subyekt və sözün əsl mənasında, etibarlı tərəfdaş olmasını bir daha sübut etməkdədir. Prezident İlham Əliyev hesab edir ki, “qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir”. Qaz ixracına dair əməkdaşlığa gəlincə, Azərbaycan üçün bu, yalnız Avropanın enerji təhlükəsizliyində strateji rol almaq, yaxud ölkəyə valyuta axınının təmin edilməsində ehtiva olmur, Bakı bu prosesə, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa güclü zəmin yaradan amil kimi baxır. Prezidentin Nişdən bəyan etdiyi kimi, “Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri - bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir və bizim gələcək planlarımız da bu istiqamətlərə xidmət göstərəcəkdir”. Təsadüfi deyil ki, dövlətimizin başçısının müəllifi olduğu bu konfiqurasiya artıq bəhrəsini verir və elə iki gün əvvəl Serbiya və Bolqarıstan da daxil olmaqla, Şərqi Avropa qrupuna daxil olan ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsini dəstəklədilər.
“Bütün uğurlara baxmayaraq, unutmamalıyıq ki, Avropaya qaz təchizi Azərbaycanın əsas prioriteti deyil. Dünən Serbiyada Prezident də ifadə etdi ki, “Bizim əsas hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır”. Dövlətimizin başçısı bir müddət əvvəl “Euronews”a müsahibəsində də ifadə etmişdi ki, “təbii ehtiyatlar baxımından Azərbaycanda böyük potensial var, Avropada Azərbaycan qazına böyük ehtiyac var və bu ehtiyac artmaqdadır. Lakin çox əhəmiyyətli inkişaf bərpaolunan enerji mənbələri ilə bağlıdır. Hesab edirəm ki, bu, birbaşa xarici investisiyaların əsas istiqaməti olacaq”.
Bildiyiniz kimi, bu ilin noyabr ayında Azərbaycanda xarici investorlar tərəfindən tam maliyyələşdirilmiş və regionun ən böyük, 230 meqavat gücündə günəş elektrik stansiyasının açılışı edilib. Növbəti 5 ildə isə 10 qiqavat həcmində günəş və külək enerjisinin istehsalı reallaşacaq ki, bu da çox nəhəng potensial deməkdir. Bu mənada, Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışında Prezident İlham Əliyevin çıxışı, əslində, Azərbaycanın yanacaq enerjisindən bərpaolunan enerjiyə keçidinin anonsu hesab edilə bilər. Görünən isə odur ki, Azərbaycana artan maraq və Prezident İlham Əliyevin etibarlı tərəfdaş kimi qlobal nüfuzu fonunda enerji siyasətimizin uğurlarının davamlılığı təmin olunmaqla, alternativ enerjiyə keçid nəinki rahat reallaşacaq, üstəlik, Avropa istehlakçıları da məhz Azərbaycan istehsalı yaşıl enerji ilə təmin ediləcək. Digər tərəfdən isə enerji transformasiyasına baxmayaraq, Avropa bazarında rolunun artan tempini qorumaqla bərabər, zəngin karbohidrogen ehtiyatları fonunda Azərbaycanın bərpaolunan və yaşıl enerji mənbələrinə üz tutması, hətta daha əvvəl özünün 2030-cu ilə qədərki 5 Milli Prioritetindən birini təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi elan etməsi, xüsusən Bakının COP29 konfransına ev sahibliyi fonunda dövlətin imicinə müsbət mənada təsirsiz ötüşməyəcək”, - deyə deputat əlavə edib.