PROFESSOR ALLAHVERDİ VERDİZADƏNİN 95 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ RESPUBLİKA KONFRANSI KEÇİRİLİR
Bakı, 24 noyabr (AZƏRTAC). Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tanınmış alim və pedaqoq, kimya elmləri doktoru, professor Allahverdi Verdizadənin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş “Üzvi reagentlər analitik kimyada” respublika konfransı başlanmışdır.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən təşkil edilmiş tədbirdə ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov çıxış edərək professor Allahverdi Verdizadənin elmi və pedaqoji fəaliyyətindən danışmışdır.
Alimin kimya elminə dəyərli töhfələr verdiyini qeyd edən rektor onun xatirəsinin daim əziz tutulacağını bildirmişdir.
Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, ADPU-nun kafedra müdiri, professor Ələkbər Qurbanov A.Verdizadənin ömür yolundan, ölkəmizdə kimya elminin inkişafında yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında xidmətlərindən bəhs etmişlər.
A.Verdizadə 1933-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (ADPU) kimya-biologiya şöbəsini bitirmiş, 1945-ci ildə namizədlik, 1965-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1967-ci ildə professor elmi adına layiq görülmüşdür. 15-dən çox kitabın, dərsliklərin, 120-dən artıq elmi məqalənin müəllifidir.
Professor A.Verdizadə əvvəllər Azərbaycan Sənaye İnstitutunda, 1947-ci ildən ömrünün sonunadək ADPU-da çalışmışdır. 1969-cu ildə alim ADPU-da “analitik və fiziki kimya kafedrasını təşkil etmiş və həmin kafedraya rəhbərlik etmişdir.
Digər çıxış edənlər də professor Allahverdi Verdizadənin elmi nailiyyətlərinin əhəmiyyətindən danışmış, onunla bağlı xatirələrini bölüşmüşlər.
Sonra “Koordinasion birləşmələrin metal ionların ayrılmasında və təyinində tətbiqi”, “Fotometrik və ekstraksiyalı-fotometrik analiz üsulları”, “Üzvü reagentlərin sintezi” və digər bölmələr üzrə iclaslar olmuşdur.
Konfrans noyabrın 25-də başa çatacaqdır.