RƏSMİ XRONİKA
PUSAN ŞƏHƏRİNİN MERİ HU NAM ÇAKIN ÇIXIŞI
-Hörmətli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev!
Hörmətli Mehriban xanım Əliyeva!
Hörmətli qonaqlar!
İlk növbədə, icazə verin, Pusan şəhərinin hakimiyyət orqanları adından Sizi səmimi qəlbdən salamlayım.
Koreya Respublikasının Prezidenti ötən ilin may ayında Azərbaycana səfər etdikdən sonra ölkənizə olan marağımız daha da artmışdır. Sizin indiki səfəriniz isə, xalqlarımız arasında dostluq münasibətlərinin, Xəzər dənizinin sahilində yerləşən gözəl ölkənizlə əlaqələrimizin möhkəmlənməsinə zəmin yaradacaqdır.
Biz bilirik ki, bu gün iqtisadi artım baxımından Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkəsidir. Cənubi Koreya xüsusilə, informasiya texnologiyalarının tətbiqi, yolların çəkilməsi, limanların tikintisi və sair sahələrdə həyata keçirilməsini nəzərdə tutduğunuz layihələrə maraq göstərir. Həmin layihələr Azərbaycanın gələcək iqtisadi rifahını əsaslı şəkildə şərtləndirəcəkdir. Mən Sizin müdrik rəhbərliyinizi və bu sahədəki qətiyyətinizi yüksək dəyərləndirirəm.
Gördüyünüz kimi, Pusan Cənubi Koreyanın ən inkişaf etmiş şəhərlərindən biridir. Şəhərimizdə, əsasən, limanların tikintisi, gəmiqayırma, informasiya texnologiyaları sahəsində böyük və rəqabətqabiliyyətli şirkətlərimiz fəaliyyət göstərir. Bunlarla yanaşı, enerji yataqlarının işlənilməsi ilə məşğul olan şirkətlər də var və onlar Azərbaycanın təbii sərvətlərinin işlənilməsində iştirak edə bilər. Şəhərimizin yaxınlığında yerləşən və tanış olacağınız yeni dəniz limanlarını tikən şirkət bu sahədə ən yüksək texnologiyaları tətbiq edir. Təbii ki, Pusanda həyata keçirilən tikintisi başa çatdırılan dəniz limanının layihəsi haqqında Sizə məlumat veriləcəkdir və Azərbaycanla yeni əməkdaşlığın yolları müəyyən ediləcəkdir.
Uzun əsrlər boyu nəqliyyat yollarının kəsişməsində yerləşən Pusan şəhəri hazırda Transasiya nəqliyyat dəhlizinin yaradılmasına böyük töhfə verir. Bu baxımdan biz Azərbaycan ilə Pusan arasında sıx əməkdaşlıq və məsləhətləşmələr aparmaq fikrindəyik. Mühüm layihələri həyata keçirməklə biz ölkəniz vasitəsilə Avropaya çıxış əldə edə bilərik. Zati-aliləri, Pusan şəhərinə səfəriniz dostluğumuzun daha da inkişaf etdirilməsi, ikitərəfli əməkdaşlıq sahələrinin genişləndirilməsi üçün əlavə fürsət yaradacaqdır.
Mən Prezident Əliyevi bir daha Pusan şəhərində salamlayıram və Sizə, eləcə də ölkənizə böyük uğurlar arzulayıram.