CƏMİYYƏT
Qadağan edilmiş əşyaların cəzaçəkmə müəssisələrinə keçirilməsinin qarşısının alınması diqqət mərkəzindədir
Bakı, 30 iyul (AZƏRTAC). İyulun 30-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cari ilin birinci yarım ilində fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Xidmətin rəisi Mədət Quliyev müşavirədə qurumun cari ilin altı ayındakı fəaliyyətindən danışıb. Qeyd edib ki, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası, penitensiar sistemdə qanunçuluğun təmin edilməsi, nizam-intizamın möhkəmləndirilməsi, tabeli qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, habelə nöqsanların aradan qaldırılması ilə bağlı müəyyən nəticələr əldə edilib.
Müşavirədə Penitensiar Xidmətinin bu ilin birinci yarısındakı fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi dinlənilib.
Diqqətə çatdırılıb ki, penitensiar müəssisələrin əməkdaşlarının respublikanın hüquq mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı nəticəsində ilin birinci yarısında 211 müxtəlif cinayətlərin üstü açılıb. Qadağan edilmiş əşyaların cəzaçəkmə müəssisələrinə keçirilməsinin qarşısının alınması, habelə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə xüsusi diqqət mərkəzində olub. Cari ilin birinci yarısında penitensiar müəssisələrdə keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində 181 mobil telefon, 517,9 qram müxtəlif narkotik vasitələr aşkar edilərək dövriyyədən çıxarılıb.
Müşavirədə hesabat dövründə Penitensiar Xidmətin 180 əməkdaşının müxtəlif intizam məsuliyyətinə cəlb olunduğu, 19 nəfərin isə fəaliyyətdə yol verdiyi ciddi nöqsan və pozuntulara, habelə xidmətdən kənar əlaqələrə görə ədliyyə orqanlarından xaric edildiyi qeyd olunub.
Sonra hesabat məruzəsi ətrafında bir sıra cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının rəisləri çıxış ediblər.
Müşavirəyə yekun vuran M.Quliyev mövcud nöqsan və pozuntulara diqqət çəkərək fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı hər bir xidmət sahəsi üzrə konkret tapşırıqlar verib. O, işin səmərəliliyinə və səylərin artırılmasına nail olunması məqsədilə Xidmət rəhbərliyi tərəfindən əlavə tədbirlərin müəyyənləşdirildiyini diqqətə çatdırıb.