“Qara Qaplan” idman klubunun cari ildəki fəaliyyəti yüksək qiymətləndirilib
Bakı, 27 dekabr, AZƏRTAC
Azərbaycanın ən titullu karate klubu “Qara Qaplan” 2018-ci ilin yekunları ilə bağlı tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, milli komandaların heyətinin əksəriyyətini təşkil edən “Qara Qaplan”ın idmançılarının bu il də böyük zəfərlər əldə etdiyini diqqətə çatdıran klub prezidenti Yaşar Bəşirov, məşqçilər Şahin və Seymur Xudaverdiyevlər, Cahangir Babayev və Rəşad Rəştiyev istər ölkədaxili yarışlarda, istərsə də rəsmi və digər beynəlxalq turnirlərdə qazanılan nəticələri diqqətə çatdırıblar.
Çıxış edənlər bildiriblər ki, klubda yeniyetmələr arasında Avropa çempionları Tale Yaqubov (63 kq), Polina Qurenko (47), Avropa ikincisi Mədinə Sadıqova (48 kq), böyüklər arasında dünya və Avropa çempionu və Premyer Liqa turnirlərinin mükafatçısı İrina Zaretska (68 kq), Avropa ikincisi, Premyer Liqa turnirinin mükafatçısı, klub yığmasının kapitanı Şahin Atamov (84 kq), Avropa üçüncüsü və Premyer Liqa turnirinin mükafatçısı Nuranə Əliyeva (50 kq), eləcə də Premyer Liqa turnirinin bürünc mükafatçısı Ayxan Mamayev (84 kq) kimi güclü karateçilər yetişib. Qadınlardan ibarət milli komandamızın əsas üzvlərindən olan gənclər arasında Avropa üçüncüsü, böyüklərin komanda yarışlarında Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı, 3-cü dan qara kəmər sahibi və idman ustası İlahə Qasımovaya ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən mənzil hədiyyə edilməsi klubun gördüyü işlərə verilən yüksək qiymətdir.
İl ərzində klubun müxtəlif ərazilərdə yeni bölmələrinin açıldığı bildirilib. Çexiyanın Libereç şəhərinin karateçilərinin “Qara Qaplan”ın təcrübəsindən yararlanmaq üçün Bakıya 10 günlük səfərə gəlmələri də klubun uğuru kimi dəyərləndirilib.
Vurğulanıb ki, klubun əsas hədəfi “Tokio-2020” Yay Olimpiya Oyunlarında Azərbaycan idmanını hər zaman olduğu kimi yüksək səviyyədə təmsil etməkdir. Bunun üçün olimpiadaqabağı son hazırlıq ilində daha səylə çalışmağın vacibliyi nəzərə çatdırılıb.
Kumite üzrə kişilərdən ibarət milli komandanın yeni baş məşqçisi Bahəddin Kandaz da ilin yekunları ilə bağlı tədbirdə iştirak edib.