İDMAN
“Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb
Zaltsburq, 7 avqust (AZƏRTAC). Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununu avqustun 6-da səfərdə Avstriyanın “Red Bull Zaltsburq” komandası ilə keçirib.
AFFA tərəfindən təqdim edilmiş biletlər əsasında çoxlu sayda “Qarabağ” azarkeşi “Red Bul Arena”da matçı izləyib. Azərbaycanlı azarkeşlərin yer aldıqları tribunada böyük plakatlar üzərində “Qarabağ - zəfər zamanı gəldi!”, “Qarabağ - Qələbəyə doğru!“ şüarları asılmışdı.
Şotlandiyalı hakim Bobbi Maddenin idarə etdiyi görüş yerli komandanın hücumları ilə başlayıb. Bakıdakı məğlubiyyətin əvəzini çıxmağa çalışan zaltsburqlular 18-ci dəqiqədə Martin Hintereqqerin başla vurduğu zərbə ilə hesabı açıblar.
İyirmi mindən artıq tamaşaçının izlədiyi matçın 34-cü dəqiqəsində Martin Hintereqqer dubl edərək, komandasını 2:0 hesabı ilə önə çıxarıb.
Oyunun ikinci hissəsində qapılara əlavə top vurulmayıb.
Bununla da, Bakıda “Red Bull Zaltsburq” üzərində 2:1 hesabı ilə qələbə qazanan “Qarabağ“ səfərdə 0:2 hesabı ilə məğlub olaraq, UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaltsburq