İQTİSADİYYAT
Qardabani rayonunda yeni istilik-elektrik stansiyasının təməli qoyulmuşdur
Qardabani, 17 yanvar (AZƏRTAC). Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Qardabani rayonunda yeni kombinasiya silsiləli istilik-elektrik stansiyasının tikintisinə başlanmışdır. İnşaat işlərini Türkiyənin “Çalik Enerji” şirkəti aparacaqdır.
Obyektin təməlqoyma mərasimində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Baş nazirin müavini, energetika naziri Kaxa Kaladze, hökumətin, parlamentin, ölkədə akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq maliyyə təsisatlarının nümayəndələri iştirak etmişlər.
Baş nazir İrakli Qaribaşvili müstəqil Gürcüstanın tarixində belə böyük obyektin ilk dəfə tikildiyini vurğulamış və bununla ölkənin enerji infrastrukturunda yeni mərhələnin başlandığını qeyd etmişdir. Baş nazir 230 meqavat gücə malik istilik-elektrik stansiyasının 2015-ci ilin sonunadək işə salınacağını demişdir.
Energetikanın inkişafının hökumətin prioritetlərindən olduğunu söyləyən İrakli Qaribaşvili sərmayə yatırımı 220 milyon dolları təşkil edən obyektin tikintisini üzərinə götürmüş Türkiyənin “Çalik Enerji” şirkətinə təşəkkürünü bildirmişdir.
Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze müasir texnologiyalarla təchiz olunacaq stansiyanı ölkənin həyatında mühüm əhəmiyyət kəsb edən layihə adlandırmışdır. Nazir hazırda Gürcüstanın enerji tələbatının 75 faizinin qonşu ölkələrdən ixrac edilən elektrik enerjisi hesabına ödənildiyini qeyd etmiş və ölkənin bu asılılıqdan qurtarması üçün tam imkana malik olduğunu vurğulamış, bu stansiyanın işə salınması ilə həmin problemin həllində mühüm dönüş yaranacağına əminliyini bildirmişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qardabani