QARŞIDAN GƏLƏN PREZİDENT SEÇKİLƏRİNDƏ İLHAM ƏLİYEVİN NAMİZƏDLİYİ DƏSTƏKLƏNƏCƏKDİR
Azərittifaqın İdarə heyətinin aprelin 26-da keçirilmiş iyirminci çağırış 6-cı yığıncağında 2008-ci il prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə qərar qəbul olunmuşdur.
İdarə heyətinin sədri Milli Məclisin deputatı Eldar Quliyev bu məsələnin yığıncağın gündəliyinə daxil edildiyini, növbəti prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildirmişdir.
Sonra İdarə heyətinin sədri “Müstəqil Azərbaycan dövlətçiliyinin qurulmasında və ölkə iqtisadiyyatının, eləcə də kooperasiyanın inkişafında ulu öndər Heydər Əliyevin rolu” mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzəçi 2007-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunları və 2008-ci ildə qarşıda duran vəzifələrdən danışmışdır. Ölkənin iqtisadi və sosial həyatında böyük uğurlar əldə olunduğunu vurğulayan İdarə heyətinin sədri demişdir ki, ümummilli lider Heydər Əliyevin gərgin əməyi ilə təməli qoyulan iqtisadi inkişaf strategiyası yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İqtisadiyyatın istehsal sektorunda olduğu kimi, ticarət və xidmət sahələrində də dinamik inkişaf müşahidə edilir. Ötən il ərzində Azərittifaqın kooperativləri tərəfindən əhaliyə 3 milyon 6 min manatlıq istehlak malları satılmış, 777 min manatlıq iaşə xidməti göstərilmiş, 1 milyon 193 min manatlıq kənd təsərrüfatı məhsulları və xammal tədarük olunmuş, 788 min manatlıq xalq istehlakı malları istehsal edilmişdir.
Yığıncaqda mövcud problemlərdən də danışılmış, onların həlli yolları müzakirə olunmuşdur.