Qax Damazlıq İpəkçilik Stansiyasının mütəxəssisləri Lənkəranda olublar
Lənkəran, 14 may, Bağır Əliyev, AZƏRTAC
Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev və toxumçu-aqronom Laləzar Heydərova təcrübə mübadiləsi məqsədilə ipəkqurdlarının saxlanma şəraiti ilə yaxından tanış olmaq üçün Lənkəranda olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qaxlı mütəxəssislər rayon kənd təsərrüfatı idarəsinin rəisi Tofiq Rzayev və idarənin digər əməkdaşları ilə birlikdə Lənkərandakı “Yaşıl çay” FT MMC-nin kümxanasında ipəkqurdunun saxlanma şəraiti ilə maraqlanıblar.
Kümxananın briqadiri Həsənağa Əhmədov qonaqlara ipəkqurdlarına göstərilən xidmət barədə məlumat verərək bildirib ki, onlara 290 qram ipəkqurdu verilib. Hazırda ipəkqurdları ikinci yaş dövründədir. Onların saxlandığı otaqda temperatur, rütubət rejiminə ciddi riayət edilir.
Təcrübəli mütəxəssislər Əkrəm Fətəliyev və Laləzar Heydərova ipəkqurdların saxlanma şəraiti, temperatur, rütubət rejimi ilə maraqlanıb, qurdların yem bazası olan tut bağına baxıblar.
Onlar yüksək standartlara uyğun tikilən kümxana binasından, bol və keyfiyyətli barama almaq üçün yaradılan şəraitdən, tut ağaclarına göstərilən qulluqdan razı qaldıqlarını və gələcəkdə burada daha çox barama məhsulu əldə etməyin mümkün olduğunu bildiriblər.