REGİONLAR
Qax, Zaqatala və Balakəndə buraxılış imtahanları 7 mərkəzdə aparılıb
![](/files/galleryphoto/2022/1/1200x630/16464776335019849309_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464776336017951067_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464776335008517373_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464776332989836914_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/1646477633225056430_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464776334089454777_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464776336233510949_1200x630.jpg)
Qax, 5 mart, Mustafa Dadaşov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) martın 5-də qurumun Şəki regional bölməsinin əhatə etdiyi Balakən, Zaqatala və Qax rayonlarında tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanları başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Balakən rayonunda 4, Qaxda 2, Zaqatalada isə 1 mərkəz (gürcü bölməsi üzrə) ayrılıb. Buraxılış imtahanları Balakən şəhərindəki 1 və 3 saylı, həmçinin Mahamalar və Hənifə kənd tam orta, Qax şəhərindəki 2 saylı orta məktəb-lisey və 5 saylı tam orta, Zaqatala şəhərindəki 1 saylı tam orta məktəblərdə təşkil edilib.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün proses boyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.
Dövlət İmtahan Mərkəzinin Şəki regional bölməsindən verilən məlumata görə, Balakəndə keçirilən və ümumilikdə, 734 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 11 imtahan rəhbəri və 72 nəzarətçi-müəllim cəlb edilib. İmtahanların keçirilməsi üçün 61 otaq ayrılıb.
Qaxda keçirilən buraxılış imtahanında 490 nəfərin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 6 imtahan rəhbəri və 46 nəzarətçi-müəllim cəlb edilib. İmtahanların keçirilməsi üçün 38 otaq ayrılıb.
Zaqatala şəhər 1 saylı tam orta məktəbdə gürcü bölməsi üzrə keçirilən buraxılış imtahanında isə 16 nəfərin iştirakı nəzərdə tutulub. İmtahanın idarə olunmasına 1 imtahan rəhbəri və 2 nəzarətçi müəllim cəlb edilib.
AZƏRTAC-ın bölgə müxbiri Qax şəhərindəki 2 saylı orta məktəb-liseydə tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının gedişi ilə tanış olub. Məktəbdəki bütün imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.
Ümumi imtahan rəhbəri İlkin Rüstəmzadə bildirib ki, 257 şagirdin iştirak etdiyi imtahanın idarə olunmasına 3 rəhbər və 24 nəzarətçi-müəllim cəlb edilib. Bu mərkəzdə buraxılış imtahanı Azərbaycan, rus və gürcü bölmələri üzrə aparılıb.
Regional bölmənin müdiri Səbuhi Hüseynovun məlumatına görə, bütün imtahan mərkəzlərində buraxılış imtahanları mövcud təlimata və karantin dövrünün tələblərinə uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.