Qaxın Xalq Teatrı Balakəndə “Məhəbbət bir bəladır” komediyasını təqdim edib
Qax, 6 may, Mustafa Dadaşov, AZƏRTAC
Qax Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən İ.Dağıstanlı adına Xalq Teatrının kollektivi Balakənin mədəniyyət işçilərinin qonağı olub. Səfər zamanı kollektiv teatrsevərlərə Əhməd Orucoğlunun “Məhəbbət bir bəladır” ikipərdəli komediyasını təqdim edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşadan əvvəl Şəki Regional Mədəniyyət İdarəsinin Balakən və Qax rayonları üzrə baş məsləhətçiləri Şəfəq Hacıyeva və Dilarə Əzizova çıxış edərək, bölgənin mədəniyyət müəssisələri arasında qarşılıqlı əlaqələrin yaranmasında və əməkdaşlığın genişləndirilməsində belə görüşlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Rejissor Gülşad Paşayevanın quruluş verdiyi tamaşada rolları həvəskar aktyorlar Fikrət Ramazanov, Xəlil Nəsibov, Nuriyyə Əlimova, Solmaz Həsənova, Aydan Əhmədova, Şəmsəddin Quliyev, Yusif Qurbanov və başqaları ifa ediblər.
Tamaşa balakənli teatrsevərlər tərəfindən maraqla qarşılanıb.