MƏDƏNİYYƏT
Qay Sariq: Festival tamaşaçılarının musiqi duyumu və qonaqpərvərliyi çox yüksəkdir
Qəbələ, 31 iyul (AZƏRTAC. Anar Rzayev). Azərbaycanda sürətli inkişafın şahidi oldum. Festival tamaşaçılarının musiqi duyumu və qonaqpərvərliyi çox yüksəkdir.
Bu sözləri VI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, beynəlxalq müsabiqələrin qalibi, İsrailin nəfəs alətləri kvintetinin üzvü Qay Sariq AZƏRTAC-a müsahibəsində deyib.
Qəbələyə ilk dəfə gəldiyini deyən musiqiçi şəhərin gözəlliyindən, xüsusilə gecələrinin möhtəşəmliyindən söz açıb.
Paytaxtdan xeyli uzaq bir yerdə bu qədər insanın klassik musiqiyə yüksək səviyyədə maraq göstərməsinə valeh olduğunu söyləyən Qay Sariq Qəbələ torpağında dünya şöhrətli musiqiçilərin bir araya gəlmələrini mühüm hadisə kimi qiymətləndirərək deyib: “İndi burada olduğum üçün çox şadam və növbəti illərdə də bu festivalda iştirak etməkdən məmnun olardım. Böyük sənətkarlarla birgə beynəlxalq musiqi festivalında təmsil olunmağımızla fəxr edirik. Auditoriyanın festival çərçivəsində keçirilən konsertlərə böyük marağı da bizi heyran edir”.