DÜNYA
Qazaxıstan prezidenti postuna 12 namizədin sənədləri MSK-ya təqdim edilib
![Qazaxıstan prezidenti postuna 12 namizədin sənədləri MSK-ya təqdim edilib](/files/2022/3/1200x630/16655613346538562498_1200x630.jpeg)
Bakı, 12 oktyabr, AZƏRTAC
Qazaxıstanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə keçiriləcək növbədənkənar seçkilərdə prezidentliyə namizədlərin sənədlərinin qəbulu prosesini başa çatdırıb.
AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, MSK-nın katibi Muxtar Yerman komissiyanın iclasında 12 namizədin sənədlərinin quruma təqdim edildiyini bildirib.
“Oktyabrın 11-də yerli vaxtla saat 18:00-da prezidentliyə namizədlərin irəli sürülməsi prosesi başa çatıb. Respublika ictimai birlikləri tərəfindən irəli sürülən 12 namizədin sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edilib”, - deyə o bildirib.
MSK artıq beş iddiaçının - Kasım-Jomart Tokayevin, Nurlan Auesbayevin, Meyram Kajıkenin, Jiquli Dayrabayevin və Karakat Abdenin prezidentliyə namizədliyinin qanunun tələblərinə uyğun olduğunu qəbul edib. Qurum yaxın vaxtlarda digər namizədlərin sənədlərini yoxlayacaq.
Qeyd edək ki, Qazaxıstanda növbədənkənar prezident seçkilərin noyabrın 20-də keçiriləcək. Prezidentliyə namizədlərin qeydiyyatı oktyabrın 21-də başa çatacaq, seçki kampaniyası noyabrın 18-dək davam edəcək, noyabrın 19-da isə ölkədə sükut günü olacaq.