İQTİSADİYYAT
Qazaxıstanda VIII Astana İqtisadi Forumu keçirilir
Astana, 21 may, AZƏRTAC
Mayın 21-də Qazaxıstanın paytaxtında VIII Astana İqtisadi Forumu (AİF) “İnfrastruktur - iqtisadi inkişafın drayveri” mövzusu ilə öz işinə başlayıb. İki gün davam edəcək Forum çərçivəsində 30 tədbirin keçirilməsi nəzərdə tutulub.
Forumda Qazaxıstan Prezidenti Nursultan Nazarbayev də iştirak edəcək.
Dünyada mühüm beynəlxalq forumlardan biri sayılan, müasir iqtisadi və sosial problemlərin həlli yollarının araşdırıldığı AİF çərçivəsində iqtisadi-maliyyə sabitliyi, innovasiya, infrastruktur, investisiya və iqtisadi artımın tənzimlənməsi məsələləri müzakirə olunacaq. Forumda 2030-ci ilədək ölkənin baş şəhərinin inkişafı, 3D stimulyatoru təqdim ediləcək.
Bundan başqa, dünya iqtisadiyyatının gələcəyi və zəruri hərəkətlər, risklər şəraitində neftin qiymətlərinin azaldılması və davamlı inkişaf məsələləri diqqət mərkəzində olacaq.
Forumda tanınmış siyasətçilər, fəaliyyətdə olan və keçmiş dövlət və hökumət başçıları, iri maliyyə institutlarının rəhbərləri iştirak edir.
Ümumilikdə, AİF-ə 150 ölkədən 10 mindən çox nümayəndə, o cümlədən Nobel mükafatı laureatları, alimlər və jurnalistlər, siyasətçilər, müəssisələrin icraçı direktorları qatılıblar.
AİF-də 2015-ci il üçün təkliflər və tədbirlər paketinin hazırlanması, investorların cəlb edilməsi, müqavilələrin və sazişlərin imzalanması nəzərdə tutulur.
Forumda ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov, Dövlət Gömrük Komitəsində Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi İqbal Babayev, Aksiz Gömrük İdarəsinin rəisi Ehtiram Xəlilov, Sədərək Gömrük-Keçid Məntəqəsinin rəisi Mirməhəmməd Seyidovdan ibarət nümayəndə heyəti təmsil edir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana