CƏMİYYƏT
Qazaxıstanın Kostanay vilayətindəki soydaşlarımız Ermənistanın cəzalandırılmasını tələb ediblər
Bakı, 13 oktyabr, AZƏRTAC
Qazaxıstanın Kostanay vilayətində yaşayan Azərbaycan icması Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqlarla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, "Birlik" Azərbaycan Etnəmədəni Cəmiyyətinin sədri Rafail Hacıbalayevin adından beynəlxalq təşkilatlara ünvanlanan müraciətdə Qazaxıstanda yaşayan azərbaycanlıların Edilli cinayətindən dəhşətə gəldiyi və hiddətləndiyi ifadə edilib.
Bildirilib ki, Edillidə aşkar olunmuş qalıqlar Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılara məxsusdur. Ermənistanın indiyədək 4000-dək azərbaycanlının taleyi və kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırdığı, 30 illik işğal dövründə xalqımıza və ölkəmizə qarşı törətdiyi müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlətməyə çalışdığı nəzərə çatdırılıb.
Edilli faciəsini Ermənistanın növbəti hərbi cinayətinin ifşası kimi qiymətləndirən “Birlik” sədri beynəlxalq təşkilatları təcavüzkar ölkədəki cavabdeh şəxslərin müxtəlif vaxtlarda etnik zəmində xalqımıza qarşı törətdiyi sülh və insanlıq əleyhinə cinayətlərə görə hüquqi müstəvidə məsuliyyətə cəlb olunması istiqamətində təcili tədbirlər görməyə çağırıb.