MƏDƏNİYYƏT
Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti kamera musiqisi axşamı maraqla qarşılanıb
Qəbələ, 30 iyul (AZƏRTAC). Heydər Əliyev Fondunun təşkilatçılığı ilə böyük uğurla reallaşdırılan VI Qəbələ Beynəlxalq Musiqi Festivalı sona çatmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, festivalın proqramına uyğun olaraq Qəbələ şəhərindəki “Qafqaz Resort” otelinin kamera zalında keçirilən növbəti kamera musiqisi axşamında görkəmli Rusiya və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.
Konsertdə vokalçılar Fəridə Məmmədova, Səbinə Əsədova, Məhərrəm Hüseynov, beynəlxalq müsabiqələr laureatları, istedadlı pianoçular Tofiq Şıxıyev, İlahə Sadıxzadə və violin ifaçısı Osman Əyyublu məşhur italyan bəstəkarları Bellini, Rossini və Donisettinin əsərlərini ifa etdilər.
Avqustun 1-dək davam edəcək musiqi bayramında görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar çıxış edirlər.