MƏDƏNİYYƏT
Qəbələ Beynəlxalq Musiqi Festivalı ənənəvi bir incəsənət bayramıdır
Qəbələ, 31 iyul (AZƏRTAC. Anar Rzayev). Qəbələ Beynəlxalq Musiqi Festivalı ənənəvi, gözəl bir incəsənət bayramına çevrilib. Bu günlər Qəbələdə xüsusi ab-hava hökm sürür. Bura gəlmiş xarici qonaqlar ölkəmizin sürətli inkişafı, dünyada gündən-günə artan nüfuzu, xalqımızın adət-ənənələri və mədəniyyəti, milli musiqimiz, muğam və bəstəkar əsərləri ilə yaxından tanış olurlar. Bu baxımdan paytaxtdan kənarda, kurort zonasında belə möhtəşəm musiqi festivalının keçirilməsi mühüm hadisədir.
Bu sözləri Qəbələ VI Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Xalq Artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Yalçın Adıgözəlov AZƏRTAC-a müsahibəsində deyib.
Yalçın Adıgözəlov festivalın ərsəyə gəlməsində müstəsna xidmətləri olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.
Qədim Qəbələ torpağında, füsunkar təbiətin qoynunda istirahət edən yerli və xarici turistlərin hər axşam festival çərçivəsində müxtəlif janrlarda səslənən musiqilərdən zövq aldıqlarını deyən tanınmış dirijor qeyd edib ki, dünyada böyük şəhərlər festival paytaxtı statusunu tədricən itirir və bu yeri mənzərəli kiçik şəhərlər - sənət və təbiət gözəlliyinin çox uğurla uzlaşdığı məkanlar tutur.
Qəbələ festivalının keçirildiyi günlərdə klassik musiqi həvəskarları ABŞ, Rusiya, Avstriya, İsrail, Türkiyə və digər ölkələrin tanınmış musiqi kollektivlərinin ifasında dünya şöhrətli bəstəkarların əsərlərini dinləmək imkanı əldə edirlər. Müxtəlif mədəniyyətlərin qovuşduğu bu diyarda keçirilən festival həmin mədəniyyətləri ən yüksək səviyyədə təmsil edir.