İQTİSADİYYAT
Qəbələ rayonunun yolları yenidən qurulur
Qəbələ, 15 noyabr (AZƏRTAC). Qəbələ rayonunda şəhər və kənd yollarının, eləcə də rayon ərazisindən keçən ölkə əhəmiyyətli avtomobil yollarının təmir-bərpası istiqamətində iş görülür. Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, son 3 ayda Qəbələ şəhərinin İ.Qutqaşınlı küçəsinin 2,5 kilometrlik, E.Kərimov küçəsinin 2,6 kilometrlik, 28 May küçəsinin 3 kilometrlik hissəsi genişləndirilmiş, yollar yenidən qurulmuş, yağış sularının axıdılması üçün yeraltı kanal çəkilmiş, yeni səkilər inşa edilmiş, küçə və səkilər üçün müasir işıqlandırma sistemi quraşdırılmış, küçəətrafı bina və obyektlərin fasadları, darvazaları üzlənmiş, yaşıllıqlar salınmış, ağaclar və gül kolları əkilmiş, yaşayış binalarının dam örtüyü dəyişdirilmişdir.
Ümumilikdə 8,1 kilometrlik yol asfaltlaşdırılmışdır. 11 nömrəli yol istismar sahəsi ilin ötən dövründə 14 kilometrlik yolda 797 min manatlıq cari təmir işlərini yerinə yetirmişdir. Mirzəbəyli-Çuxur Qəbələ yolunun 3,4 kilometrlik hissəsi asfaltlaşdırılmışdır.
Qəbələ şəhərində yağış və sel sularının axıdılması üçün 2 min 925 poqonmetr uzunluqda torpaq məcralı kanal çay daşı ilə üzlənmiş, 30 müxtəlif suötürücü qurğu tikilmiş və bərpa edilmişdir. Vəndam qəsəbəsində 400 poqonmetr uzunluqda müasir hasarın tikintisi və Vəndam-Qəbələ avtomobil yolunun kənarında istinad divarlarının inşası və onların qaya daşı ilə üzlənməsi başa çatdırılmışdır.
Hazırda 35 kilometr uzunluğu olan 4 cərgəli Qəbələ-Hava limanı avtomobil yolunun inşası sürətlə davam etdirilir.